Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.
Məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.
Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, göz bankının yaradılması üçün bir neçə məsələ öz həllini tapmalıdır:
"Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma "Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.
M.Quliyevin sözlərinə görə, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir:
"Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”.
Beyin ölümü gerçəkləşən şəxslərdən gözün qüzehli qişasının götürülməsinin o qədər asan məsələ olmadığını deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında qeyd edib ki, ancaq gənc və sağlam insanlardan donor kimi istifadə etmək effektiv nəticə verir:
"Meyitdən göz qişası götürmək üçün ilk olaraq, beyin ölümünün kriteriyaları müəyən olunmalıdır.Ölmüş insan transplantasiya üçün o qədər də yararlı olmur. İnsan o zaman digər bir insan üçün donor rolunu oynaya bilir ki, bioloji ölüm hələ baş verməmiş olsun. Əgər dekaltikasiya - beyin qabığının ölümü baş veribsə, o insanın orqanları köçürülmə üçün artıq yararsız hala gəlir. Ona görə də əgər ölüm ayağında olan və ya bunun ehtimal edildiyi, yaxud insanın həyatının xilasının mümkünsüzlüyü məlum olursa, şəxsin adamları onun orqanlarını bağışlamaq istəyirlərsə, o zaman xüsusi tibbi komissiyanın rəyi ilə insanın vəfatı süni şəkildə yaxınlaşdırılır və onun orqanları götürülür. Onu da deyim ki, avtomobil qəzasına düşüb, klinik beyin ölümü keçirən, yaxud da travmalar alan, güllə ilə öldürülən şəxslərin göz qişasının götürülərək başqa bir insana köçürülməsinin heç bir perspektivi yoxdur”.
A.Qeybullanın sözlərinə görə, hər şeydən əvvəl Azərbaycanda orqan transplantasiyasının həlli üçün psixoloji çatışmazlıqlar aradan qaldırılmalıdır:
"Adətən bizim insanlar həyatını itirən yaxınlarına həkimin əl vurmasına, onların yarılmasına icazə vermir, nəinki göz qişasının və ya hansısa bədən orqanınlarının götürülməsinə. Bizdə bu məsələlər çox ciddidir. Azərbaycanda orqan transplantasiyasına nail olmaq üçün bizim vətəndaşlarımız da bu prosesi həyata keçirən ölkələrin insanları kimi psixoloji baryerləri aşması gərəkdi. Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək. Televizayalar və digər media orqanları bu istiqamətdə təbliğat aparmalı və insanları bu prosesə hazırlamalıdır”.
Professroun sözlərinə görə, meyitdən orqan və toxumaların götürülməsi üçün xüsusi klinikalara ehtiyac yoxdur.
Öz işinin peşəkarı və bu sahəni yaxşı bilən həkim komandası istənilən klinikada bu prosesi həyata keçirə bilər. Sadəcə olaraq, orqanı götürüb, müəyyən temperatur altında saxlamaq lazımdır, vəsaalam!”
Şəymən