Azərbaycanda tələbə qəbulunu niyə universitetlər aparmır ? - Professor




"Təhsil qanununa dəyişiklik edilməsi o demək deyil ki, Dövlət İmtahan Mərkəzi (DİM) sıxışdırılsın, yaxud sıradan çıxsın”.

Bunu Sherg.az-a Azərbaycanda tələbə qəbulunun universitetlər deyil, DİM tərəfindən aparılmasına münaisbət bildirən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib. 

O bildirib ki, Azərbaycanda aşağı 150-200 bal yığan abituriyentlər ölkənin ali məktəblərinə qəbul ola bilmirlər:

"Çünki konkret qoyulmuş keçid ballarını keçə bilmirlər. Bundan sonra isə imtahansız ali məktəblərə qəbul aparan xarici ölkələrə üz tuturdu. Yeni dəyişiklik bu halların qarşısını alacaq. Çünki biz ali məktəblərimizdə belə tələbələr ödənişli də olsa, hazırlıq qruplarına cəlb olunub, 1 il hazırlıqdan sonra özünü ali məktəbdə oxumaq səviyyəsinə çatdırması üçün imkan veririk. Burada əsas məqsəd aşağı bal toplayanları çıxdaş olmaqdan xilas etmək, həyatını düzgün qurmağa kömək etməkdir.

Hər kəsin istədiyi ixtisas var. Həmin ixtisasların olduğu fakültələrdə hazırlıq qruplarına daxil olmalıdırlar. Məsələn, humanitar sahələrlə məşğul olmaq istəyən tələbələr var ki, uyğun ixtisas hazırlıq qruplarına gedəcəklər. Abituriyentlərin əsas zəifliyi dil bilgisidir, xarici dili bilmirlər. Bundan başqa texnologiyanı və öz ana dillərini bilmirlər. Onların seçdikləri ixtisasa uyğun tədris prosesində tədricən səviyyəsinin qaldırılmasına çalışılacaq. Sonunda buraxılış imtahanından keçə bilən şəxslər ali məktəblərə qəbul olunacaq. Bu imtahanlarda da bal fərqi ola bilər”.

Ə.Ağayev bildirib ki, bu layihədə əsas məqsəd abituriyentlərin ixtisasa meyllilik hazırlığı düzgün seçilsin:
"Hazırda abituriyentlər qəbulda bal toplayır, ona uyğun ağlına hansı ixtisas gəldi yazırlar. Sonra isə həmin ixtisas üzrə işləmirlər. Dəyişikliyə görə, isə onlar düzgün ixtisas seçəcək, həmin seçdiyi yerə də daxil olacaq. Keyfiyyətli ixtisasa yiyələnmək də həmin tələbələr üçün yüksək fəaliyyət gətirəcək. Bu gün üçün gənclərin təhsilə cəlb olunması, müxtəlif maraqsız həyat şəraitindən uzaqlaşmasına imkan verir. Beləliklə, DİM də öz işini görəcək, yüksək bal toplayan abituriyentləri seçəcək. Onlar da öz istədikləri ali məktəblərə qəbul olacaqlar”.

Aysel Aslan