"Azərbaycandakı ”5-ci kolon"un eləmədiyi pislik qalmayıb" - Gərginlik

Elxan Şahinoğlu: "Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar sonra da konfransda bizimkilərə sual edirlər ki, ”niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?”


"Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarı qüvvədə saxladı. Müəyyən ümidlər var idi ki, məhkənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq. Olundu və Bakıda bəzilərinin ümidi puça çıxdı. Bu o deməkdir ki, Rusiyanın hakim dairələrində Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür". 

 Bu barədə  "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, bir neçə gün əvvəl Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı: 

"Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular. Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar sonra da konfransda bizimkilərə sual edirlər ki, ”niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?” Rusiyanın Azərbaycandakı ”5-ci kolonunun” ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb. Bircə xozeyinlərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də ”işimizi” çətinləşdirirsən".

Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.

Ayyət ƏHMƏD