Azərbaycandakı siyasilər Roman Nəsirov bu marafona qoşulmasını təqdir edirlər




Martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək. Artıq seçkidə iştirak edəcək namizədlərin adları açıqlanmaqdadır. Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri, azərbaycanlı Roman Nəsirov da prezident olmaq niyyətindədir. Ukrayna Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə alıb. Həmyerlimiz seçkilərə müstəqil namizəd kimi qatılacaq. 

Xatırladaq ki, Azərbaycan əsilli Roman Nəsirov 1979-cu ildə Kiyevdə anadan olub. Atası Mikail Nəsir oğlu Nəsirov 1976-cu ildə Azərbaycandan Ukraynaya köçərək burada ailə qurub. Əlbəttə, Roman Nəsirovun Ukraynada hansı səviyyədə tanınması məsələnin başqa tərəfidir. Lakin istər Ukrayna, istər Gürcüstan, istərsə də azərbaycanlıların yaşadığı digər ölkələrdə həmyerlilərimizin aktiv olması, siyasi proseslərdə fəal iştirak etməsi hər zaman diqqət çəkib və müzakirələrə səbəb olub. Bu mənada R.Nəsirovun Ukraynada ən yüksək posta namizəd olması da ictimaiyyətin diqqətindən qaçmayıb.

Məsələni "Şərq”ə dəyərləndirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, R.Nəsirovun Ukrayna prezidentliyi uğrunda seçki marafonuna qoşulması tədqirəlayiq haldır: 

"Əvvəllər xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatlarında çox nadir hallarda iştirak edirdilər. Bu isə bir azərbaycanlı olaraq məni ciddi narahat edirdi. Lakin son dövrlər sevindirici haldır ki, soydaşlarımız artıq ictimai-siyasi proseslərdə fəal və iddialı şəkildə iştirak edirlər. 

Bundan öncə İsveçdə keçirilən seçkilərə azərbaycanlılar da aktiv qoşuldular və müəyyən uğurlar qazanıldı. R.Nəsirovun Ukraynada prezident seçilmə şansının az olmasına baxmayaraq, ortaya iddia qoyması, özünə tərəfdar toplaması təbii ki, hər bir azərbaycanlı üçün xoş qarşılanır. Çox istərdim ki, soydaşımızın daha böyük uğurları olsun və Ukraynada həlledici söz sahiblərindən birinə çevrilsin. Belə olarsa, həm Ukraynada yaşayan və çalışan həmvətənlərimizin mövqeləri möhkəmlənər, həm də Ukrayna-Azərbaycan əlaqələrinə öz töhfəsini verər”.

Ekspert bildirib ki, R.Nəsirov seçki prosesində təkcə özünü şəxs olaraq tanıtmayacaq, o həm də Azərbaycanı tanıdacaq: 

"Könül istər ki, digər soydaşlarmız da həm Ukraynadakı seçkili qurumlarda, seçkili institutlarda, həm də yaşadıqları digər ölkələrdə də fəal iştirak etsinlər. Bu, Azərbaycanın gücünə güc qatılması demək olar”.

AĞ Partiya başqanı Tural Abbaslı da "Şərq”ə açıqlamasında əslən Azərbaycandan olan insanların vətəndaşları olduqları dövlətlərin ictimai-siyasi həyatında aktiv rol almasını müsbət hal kimi qiymətləndirib: 

"Çünki onlar yaşadıqları ölkələrin idarəçiliyində bu və ya digər formada iştirak edirlərsə, həmin dövlətlərin siyasətinə yön verməyə çalışırlarsa, bu, Azərbaycanın dövlət maraqlarına tam uyğundur. Hazırda dünya birliyində tək başına münasibətlər qurmaq və ölkə maraqlarını təmin etmək demək olar ki, mümkün deyil. Həmyerlilərimiz siyasi həyatlarında söz sahibi olduqları ölkələrin Azərbaycana münasibətinə müsbət mənada təsir edə bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın Qarabağ kimi bir problemi var, o zaman belə dəstəyin nə qədər önəmli olduğunu bir daha anlayarıq. Çünki bu gün dünyada erməni lobbisi bu istiqamətdə xeyli işlər görür”.

Partiya başqanının sözlərinə görə, Azərbaycan hökuməti diaspor təşkilatlarımız vasitəsi ilə belə siyasi fiqurlara müxtəlif formada dəstək verməlidir: 

"Mənim üçün çox sevindirici haldır ki, əslən Azərbaycandan olan siyasətçi Ukrayna kimi bizə dost olan dövlətin ən ali postuna namizəd kimi qeydə alınıb. Nəticənin nə olmasından asılı olmayaraq, belə bir hal istənilən halda maraqlarımıza xidmət edəcək. 

Dünyanın digər dövlətlərində yaşayan həmyerlilərimiz də çalışmalıdır ki, bu hadisədən nümunə götürsünlər və yaşadıqları dövlətlərin ictimai-siyasi həyatlarında yaxından və aktiv şəkildə iştirak etsinlər. Azərbaycanın dünya dövlətləri arasında nə qədər çox dost dövlətləri olarsa, o qədər güclü olarıq”.

İsmayıl