- Almaniya nəhənginin zəif nöqtəsi bəllidir, “Sabah” bu fürsətdən yararlana bilər
- “Sabah” uduzsa belə, Azərbaycan futbolu qazanacaq"
Avropanın futbol nəhənglərindən biri Bakıya qələbə iddiası ilə gəlib, “Sabah” isə öz meydanında gözlənilməz nəticəyə imza atmaq fürsəti qazanır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın “Borussiya Dortmund” klubu ilə qarşılaşacaq təmsilçimiz üçün bu oyun həm gücünü göstərmək, həm də Avropa arenasında iddiasını ortaya qoymaq baxımından mühüm sınaqdır. "Dortmund"un baş məşqçisi Niko Kovaç komandasını açıq favorit saysa da, futbolda kağız üzərindəki üstünlük meydanda həmişə özünü doğrultmur. Üstəlik, son oyunlarda qol vurmaqda çətinlik çəkən komandanın “Sabah” qarşısında daha sürətli və dəqiq oynamaq vəzifəsi dayanır.
Bəs doğma azarkeşlərin dəstəyi və düzgün taktika Almaniya nəhənginin Bakıda qələbə planını poza biləcəkmi?
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev Sherg.az-a bildirib ki, "Borussiya Dortmund” hücum edəcək, “Sabah” isə müdafiədəki boşluqlardan yararlanmağa çalışacaq:

“Qarşılaşma çox maraqlı, gərgin mübarizə şəraitində keçəcək, bu dəqiqdir. Çünki hər iki komanda qalib gəlmək istəyir, nəticə qazanmaq istəyir. Rəqibimiz Almaniya nəhəngi "Borussiya Dortmund"dur, çox güclü rəqibdir. Yəni həqiqətən də çox böyük futbolçuları, tarixdə çox böyük uğurları olan komandadır.
Son üç oyunda qalib gələ bilmirlər. Qol vura bilmirlər, yəni problemləri də var. Azarkeşlər onlardan qələbə və çox sayda qol tələb edirlər. Ona görə də onlar Bakıya qalibiyyət qazanmaq üçün gəliblər. Komanda hücüm oyunu oynayacaq.
Amma bu, bir tərəfdən onlar üçün yaxşı hesab olunsa da, digər tərəfdən də mənfi nəticələri də ola bilər. Mənfi tərəfi odur ki, onlar müdafiədə boşluqlar verəcəklər. "Sabah" komandası isə bütün oyunlarda sübut edib ki, belə şansları dəyərləndirməyi bacarırlar. Ona görə də əks hücumda oynayaraq, rəqibin müdafiə səhvlərindən və boşluqlarından istifadə edərək zəfər qazanmağı planlayırlar”.
Ekspertimizin sözlərinə görə, “Sabah” uduzsa belə, mübarizəsi Azərbaycan futbolu üçün uğur olacaq:
“Hər halda bütün nəticəni "Sabah" üçün uğur saymaq olar. Çünki Çempionlar Liqasında yürümək, burda xallar qazanmaq, "Sabah" üçün önəmlidir. Beləliklə, komandamızın aktivində üç xal var.
Bu özü də böyük uğurdur, üstünlükdür, çünki Azərbaycan futbolu hələ Çempionlar Liqasında davamlı uğur qazanmaq səviyyəsində deyil. Buna baxmayaraq "Sabah" müəyyən qədər hədəfin öhdəsindən gələrək, öz gücünü göstərib. Qələbə qazansalar yaxşı, qazanmasalar belə, biz komandaya ancaq təşəkkür edə bilərik. Əsas odur ki, komanda mübarizə aparsın, döyüşsün. Hər halda mübarizə olanda, nəticə də olur. Mən düşünürəm ki, bu maçdan müsbət nəticə ilə ayrılmaq olar”.