Türkiyənin Ordu vilayətində yağıntılar səbəbindən fındıq məhsulunu quruda bilməyən istehsalçılar sahilyanı ərazilərə üz tutublar.
Sherg.az xəbər verir ki, Aybastı, Gölköy və Gürgentepe kimi yüksək dağlıq rayonlarda yığılan fındıq yağışlı hava şəraiti səbəbindən qurumadığından fermerlər məhsullarını sahilə gətirərək qurutmağa çalışırlar.
Lakin sahilyanı ərazilərdə də yağıntıların fasilələrlə davam etməsi işi çətinləşdirir. Bəzi istehsalçılar fındığın çürüməyə başladığını bildirirlər.
Fermer Uğur Özcan məhsulunu qorumaq üçün təxminən 10 gündür qurduğu çadırda gecələdiyini deyib. Onun sözlərinə görə, əlverişsiz hava şəraiti məhsulun böyük hissəsinin çürüməsinə səbəb olub. Yağış yağanda fındığın üstünü örtür, hava açıldıqda isə yenidən qurumağa qoyur.
Digər istehsalçı İmdat Pelit də məhsulun bir hissəsinin çürüdüyünü və qurutma prosesində çətinlik çəkdiklərini bildirib.
Fermer Bilal Akdi isə yüksək ərazilərdə fındığın qurumadığını, sahilyanı Altınordu rayonunda da bəzi məhsulların çürüdüyünü qeyd edib.