Azərbaycanın 10 ölkədən biri seçilməsi çox əhəmiyyətlidir

Ən başlıcası odur ki, bu iqtisadi baxımdan ölkənin cəlbediciliyini artıracaq




Dünya Bankı biznes mühitini qiymətləndirən "Doing Business 2019” hesabatını açıqlayıb. "Doing Business 2018" reytinqində 57-ci yerdə qərarlaşan Azərbaycan builki reytinq cədvəlində 190 ölkə arasında 25-ci pillədə yer alıb. Biznesə başlama, tikintiyə icazə, daşınmaz əmlakın qeydiyyatı, kreditə əlçatanlıq, sərmayəçilərin hüquqlarının qorunması kimi meyarlara əsaslanan reytinqə Yeni Zelandiya başçılıq edir. Sinqapur ikinci, Danimarka üçüncüdür. Hesabatda vurğulanır ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub: "Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib. Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib”.

"Azərbaycanın adının Dünya Bankının dərc etdiyi "Doing Business 2019” hesabatında yer alması çox mühüm irəliləyişdir. Bu hesabat 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndirməyə imkan verir”. 

Bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Sherg.az”a açıqlamasında deyib. Onun sözlərinə görə, "Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Bu rəqəm kifayət qədər yüksəkdir. Həmçinin ölkəmiz ən çox islahat aparan ölkə kimi ilk onluğa daxil olub. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun göstəricilərindən istifadə olunur.

Ə. Nuriyev deyib ki, "Doing Business 2019" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir:

 "Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir”.

Fond prezidenti hesab edir ki, Azərbaycanın hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri seçilməsinin bir çox əhəmiyyəti var. Ən başlıcası isə iqtisadi baxımdan ölkənin cəlbediciliyini artıracaq: 

"Xarici sərmayələrin ölkəyə daxil olması imkanlarını genişləndirəcək və bütövlükdə investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Bu isə öz növbəsində ölkədə iqtisadi yüksəlişin daha da sürətlənməsinə gətirib çıxaracaq. Azərbaycanın 10 islahatçı ölkədən biri seçilməsi ölkəmizdə bu istiqamətdə mühüm siyasi iradənin ortada olmasını və onun davamlılığını göstərir. Fikrimcə, Azərbaycanın bu cür beynəlxalq hesabatlarda ön sıralarda qərarlaşması qeyri-neft sektorunun inkişafını da stimullaşdıracaqdır. Bilirsiniz ki, bu sahənin inkişafı dövlət idarəçiliyinin əsas prioritetlərindən biridir. Sözsüz ki, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb. 

Bu günlərdə məşğulluqla bağlı yeni strategiya qəbul olunub. İmzalanan digər sənədlərin, "Strateji Yol Xəritəsi”nin uğurla davam etdirilməsinin reallaşdırılması istiqamətində də real addımlar atılmaqdadır. Bu da ölkə başçısının dayanıqlı inkişafla bağlı qərarlı olduğunun göstəricisidir. "ASAN” Xidmət Mərkəzlərinin yaradılması və 25 milyondan artıq vətəndaşın bu xidmətlərdən istifadə etməsi də ölkədə həyata keçirilən islahatların bir isbatıdır.

 Vətəndaş və müştəri məmnunluğunun artması, həyata keçirilən islahatların uğurla başa çatmasının təzahürüdür. Sevindirici haldır ki, Azərbaycanın bu uğurları Dünya Bankı kimi mötəbər bir qurum tərəfindən obyektiv qiymətləndirilir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə, əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.

Şəymən