“...Azərbaycanın güclü orduya malik olması Qərbin maraqlarına cavab verir” - Açıqlama





Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun kadr hazırlığında NATO-nun imkanlarından istifadə etdiyini deyib. Nazir bildirib ki, zabitlərimiz NATO-nun müxtəlif təlimlərində, kurslarında iştirak edir. General həmçinin vurğulayıb ki, Azərbaycan Ordusunun hazırlığı yüksək səviyyədədir və bunu bütün dünya görür: "BMT ordumuzu müxtəlif proqramlara cəlb edir. Bu təşkilat hansı ordu güclüdürsə, ona müraciət edir. Azərbaycana da müraciət edilib. Siyasi qərar olduğundan azərbaycanlı zabitlər sülhməramlı əməliyyatlarda iştirak etməyə başlayıblar. Onlar bizdən əlavə hərbi güc də istəyiblər. Bizə müraciət edilməsinin özü mühüm göstəricidir”.

Nazirin ordumuzla bağlı açıqlamalarını "Sherg.az”a dəyərləndirən siyasi ekspert Rusif Məmmədsoy Azərbaycanın NATO üçün olduqca vacib ölkə olduğunu deyib.

Analitikin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, həm Rusiya, həm də Qərblə balanslı siyasət yürüdür: 

"Əlbəttə, bugün Azərbaycan Ordusunun NATO-nun bir sıra proqramlarında iştirakı gələcəkdə bu quruma üzv seçilməsi üçün zəmin yaradacaq əsas amillərdən biridir. Lakin, hazırkı dövr üçün bunu söyləmək doğru olmazdı. Çünki, Azərbaycan heç bir hərbi blokda təmsil olunmur. Ordumuzun alyansın hərbi təlimlərində iştirak etməsi döyüş taktikasına yiyələnməsinə və təcrübə qazanmasına töhfə verəcək. Bu məsələdə NATO özü də olduqca maraqlıdır. 

Çünki, Rusiyanın qonşuluğunda güclü Azərbaycan Ordusunun olması Qərbin maraqlarına cavab verir. Bəli, Azərbaycan ordusu günü-gündən inkişaf edir. Ordumuz müasir silah və texnika ilə təmin olunur. Hətta KTMT üzvü olan Belarusdan belə silah alırıq. Bu isə Ermənistanın da təmsil olunduğu hərbi təşkilatın zəif olmasından xəbər verir. İstənilən halda Azərbaycan NATO-ya üzvlüyü ön plana çıxa bilər. Düşünürəm ki, Azərbaycana Örl Litzenberger kimi hərbi sahədə təcrübəli, xüsusilə də NATO-da mühüm vəzifələr tutmuş şəxsin səfir kimi təyinatı da bu məsələdə katalizator rolunu oynayacaq”.

Ekspertin fikrincə, NATO təkcə Azərbaycanı deyil, Gürcüstanı da bu qurumda görmək istəyir:

"Mart ayının sonlarında Gürcüstanda keçirilmiş təlimlər buna işarədir. NATO Cənubi Qafqaza xüsusi əhəmiyyət verir. Hansı ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan 1994-cü ildən etibarən NATO-nun Sülh naminə tərəfdaşlıq proqramlarında iştirak edir. Hazırda da hərbiçilərimiz İraq və Əfqanıstanda var. Lakin, bu məsələdə Rusiya amilini də nəzərdən qaçıra bilmərik. İstənilən halda bu uzun bir prosedur olacaq”.

Siyasi şərhçi nazir Zakir Həsənovun erməni rəsmisi Tonoyanın "Azərbaycana hücum edəcəyik” sözlərinə münasibətini də xatırladıb:

"Müdafiə naziri erməni həmkarı üçün deyib ki, "kaş ki, ermənilər hücum edəydilər və biz Tonoyanla İrəvanda görüşəydik”. Z.Həsənov həmin hücumun mümkün olmayacağını demək istəyir. Bundan əlavə nə hərbi gücünə, nə də iqtisadi vəziyyətinə görə Ermənistan Azərbaycanla ayaqlaşa bilər. Bu mənada NATO-nun Cənubi Qafqazda aktivliyi bizim də maraqlarımıza uyğundur. Hesab edirəm ki, bununla Azərbaycan Ordusu daha da inkişaf edəcək”.

İsmayıl