"Azərbaycanın raket artileriya birləşmələri İrəvanı vura bilər” - Həyəcan
Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət son günlər yenə gərginləşib. Təmas xəttində hökm sürən gərginlik barədə hər gün yayılan xəbərlər bu qəbildən olan informasiyaları bir qədər adiləşdirsə də, proseslərin inkişaf istiqaməti əslində, hər an genişmiqyaslı müharibənin başlana biləcəyindən xəbər verir.
Yaxud da uzun illərdir Dağlıq Qarabağda "status-kvo”nun qalması, torpaqlarımızın işğal altında saxlanılması insanları yorub, deyə təmas xəttində baş verən erməni təxribatları cəmiyyətdə müharibəyə hazırlıq kimi dəyərləndirilir.
Qeyd edək ki, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.
Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.
Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan isə Azərbaycanı Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfinin "İskəndər” raketlərindən istifadə edə biləcəyi ilə hədələyib.
Ermənistan əsgərlərinin daimi olaraq atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutduğunu vurğulayan hərbi- siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, son günlər cəbhə xəttində vəziyyətin daha da gərginləşməsinə səbəb qondarma Dağlıq Qarabağ Respublikasında baş verən qanunsuzluqlarla bağlıdır:
"Fakitiki olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi dalana dirənib. Bu isə münaqişənin uzanmasında və status- kvonun saxlanılmasında maraqlı olan Sarkisyana sərf edir. Çünki Ermənistan prezidenti sülh danışıqlarından imtina etməklə və cəbhədə birtərəfli qaydada vəziyyəti gərginləşdirməklə, həm də özünü sığortalamağa çalışır. Minks qrupunun həmsədrləri isə işğalçıların cəbhə xəttində törətdikləri təxribatlara göz yummaqla bir növ onlara "top” ötürmüş olur. Hər nə qədər Azərbaycanın həmsədr ölkələrlə münasibətləri yüksək səviyyədə olsa da, biz öz mövqeyimizdə qətiyyətli dayanmalı və maraqlarımızı müdafiə etməliyik”.
Ermənistanın işğal edilmiş rayonları geri qaytarmaq fikrində olmadığını vurğulayan ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi məsuliyyəti öz üzərindən atmaq üçün daimi olaraq cəbhə xəttində gərginliyi artırmaqla bir növ Qarabağdakı ermənilərə Azərbaycan tabeliyində yaşaya bilməyəcəklərini sübut etməyə çalışır:
"Yəni atəşkəsin pozulması bir növ daxili auditoriyaya hesablanıb. Çox güman ki, cəbhədə lokal döyüşlər artmaqda davam edəcək. Prosesin irimiqyaslı əməliyyatlar fazasına keçməsi isə inandırıcı görünmür. Çünki Ermənistanın müharibəyə başlayacaq gücü yoxdur. Azərbaycanın hərbi əməliyyatları genişləndirməsinə isə Cənubi Qafqazda irimiqyaslı müharibənin olmasını istəməyən dövlətlər imkan verməz. Odur ki, Azərbaycan isə mövcud vəziyyətdən maksimum istifadə edərək, sülh və ya döyüş yolu ilə Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların azad edilməsinə çalışmalıdır”.
Ermənistanın müdafiə nazirinin Azərbaycanı Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfinin "İskəndər” raketlərindən istifadə ediləcəyi ilə hədələməsinə gəldikdə isə R. Məmmədli deyib ki, başqa bir ölkənin hərbi imkanlarından istifadə edib, Azərbaycan ərazilərini işğal edən bir ölkədən hər şey gözləmək olar:
"Ermənistanın hərbi rəhbərliyi tez- tez "İskəndər” raketlərinə sahib olduqlarını xatırlatmaqla həm Azəbaycan cəmiyyətində qorxu yaratmaq, həm də Ermənistan cəmiyyətinə "qorxmayın bizim belə imkanlarımız var” mesajını verməkdən ibarətdir. Amma Ermənistan bu cür açıqlamalar verməzdən əvvəl Azərbaycanın hərbi imkanlarınıda nəzərə almalıdır. Dağlıq Qarabağ müharibəsi başlayacağı halda Ermənistan "İskəndər”dən istifadə etmək qərarı versə, Azərbaycanın raket artileriya birləşmələri İrəvanı rahat şəkildə vura bilər”.
Ordumuzun silahlanmasında həmin məsafədə hədəfi məhv edən raket-artilleriya komplekslərinin mövcud olduğunu vurğulayan ekspert deyib ki, Azərbaycan mövcud imkanlarından istifadə edib hava və quru məkanının təhlükəsizliyini tam təminat altına almalıdır. Hətta bunun üçün şeytanla əməkdaşlıqdan belə çəkinməməlidir. Yəni cəbhə xəttində vəziyyət bu qədər sadə və qəlizdir”.
Şəymən