Bu cür intellektual şəxslərin yüksək vəzifələrə gətirilməsi təqdirəlayiq haldır
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri vəzifəsində çalışan soydaşımız Zaur Darğallıya yüksək vəzifə verilib. Z.Darğallı Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib.
Bu barədə "Facebook” səhifəsində Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev bildirib. Soydaşımız mətbuata açıqlamasında Kvemo-Kartli bölgəsində hər bir vətəndaşın problemlərinin həll olunmasına çalışacağını bildirib: "Ən başlıca istəyim azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərində təhsil alması və dövlət strukturlarında çalışmasıdır.
Mən həmişə çıxışlarımda onların ali məktəblərə qəbul olunmasını arzulamışam. Onların Gürcüstanın ali təhsil ocaqlarında oxuması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Düşünürəm ki, ali təhsilli azərbaycanlı gənclər dövlət dilini öyrənəndən sonra Gürcüstan cəmiyyətinə daha tez inteqrasiya olacaqlar. Bu isə onların ölkənin tamhüquqlu vətəndaşı olması deməkdir”. Məlumat üçün deyək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. 2007-2009-cu illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. 2010-2012 illərdə ABŞ-ın Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsində ofis rəhbəri olub.
Təyinatla bağlı "Şərq”ə fikirlərini bölüşən, Borçalıdan olan ictimai xadim Zəlimxan Məmmədli deyib ki, Gürcüstanda daha əvvəllərdə azərbaycanlılar yüksək vəzifələrə təyin olunublar. Onun sözlərinə görə, sözügedən nazirliyin müşavirlərindən biri hər zaman azərbaycanlı olub:
"Əvvəl həmin vəzifədə millət vəkili Savalan Mirzəyev çalışıb. Zaur Darğallı da intellektual gəncdir. Elat bayramı keçirilən vaxt onu "Gələcəyimiz” adlı diplomla təltif etmişik. Ümumiyyətlə, gənclərlə iş qurmaq, QHT sektorunda fəal çalışmaq, müxtəlif layihələr həyata keçirmək təcrübəsi kifayət qədər çoxdur. Həmin gəncləri izləyirəm, milli-mənəvi dəyərlərə hörmət göstərən şəxslər olduqlarını bilirəm. Zaur Darğallı gürcü dilini yaxşı bilir, gürcü dövlətçiliyinə və Gürcüstan-Azərbaycan dostluq xəttinə yaxındır. Bu cür intellektual şəxslərin yüksək vəzifələrə gətirilməsini təqdirəlayiq sayıram. Zaur Darğallı nazirlikdə və qubernatorluqda müavin kimi çalışa da bilər. Onun imkanları genişdir”.
Ekspert bəyan edib ki, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasında dil faktoru nə qədər önəmlidirsə, intellektual qabiliyyət, ictimai-siyasi həyata uyğunlaşmaq da o qədər mühümdür:
"Siyasi partiyalarda təmsil olunmaq ən böyük hədəfimiz olmalıdır. Gürcüstanda çoxpartiyalı sistem var. Yerli rayon rəhbərliyi, bələdiyyə sədrləri seçki yolu seçilirlər. Ona görə də seçkilərdə insanlar fəal iştirak edir.
Mən hər bir gəncimizə uğurlar diləyirəm. İstəyirik ki, Gürcüstan cəmiyyətində Azərbaycan toplumuna güvən duyulsun. Müəyyən mənada axsamalar, ehtiyatlı davranışlar, fobiyalar var. Ümid edirik, problemlərimiz həllini tapacaq. Savalan Mirzəyev və Zaur Darğalı məni yaxşı tanıyırlar, əməlimi bilirlər. Hər iki şəxsə Elat bayramında mükafatlar verilib. Ən azı səlahiyyətləri çərçivəsində üzləşdiyimiz problemləri Gürcüstanın müvafiq qurumları qarşısında qaldıra bilərlər. Əgər ümumi fəaliyyət bu istiqamətdə qurularsa, soydaşlarımıza əlavə güc verər. Düşünürəm ki, bölgədə keçirilən Elat bayramına yenidən yaşıl işıq yandırılması üçün zəmin var. Bunu reallaşdırmaq faydalıdır. Dəryada bir damla olsa belə soydaşlarımız üçün xeyri var”.
İsmayıl