ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın Pakistandakı mənbələrinin məlumatına görə, buna İran-ABŞ danışıqlarında vasitəçilik edən şəxslər kömək ediblər.
İranın rəsmi şəxsləri hələlik məlumatı şərh etməyiblər.
"Reuters" agentliyi isə bildirib ki, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsi gözlənilir. Belə ki, qətərli vasitəçilərin bu gün və ya sabah Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparacağı gözlənilir.
"Axios" portalının müxbiri və İsrail televiziyasının 12-ci kanalının jurnalisti Barak Ravid isə bazar ertəsi ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına hazırdır.