Bugün "Azərenerji ASC və KİVDF-nin birgə təşkilatçılığı ilə "Azərenerji” ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi mövzusunda tədbir keçirilib.
"Sherg.az”ın məlumatına görə, görüşdə "Azərenerji” ASC-nin vitse prezidenti Ziyəddin Quliyev, qurum rəhbərinin müşaviri Vüqar Əliyev, sədr müavini Ramil Yusifov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, eləcə də ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları iştirak ediblər.
"Azərenerji”ASC-nin prezidenti Baba Rzayevin adından tədbir iştirakçılarını salamlayan Ziyəddin Quliyev KİV-lə əlaqələrin genişləndirilməsi baxımından görüşün əhəmiyyətli olduğunu qeyd edib. Z.Quliyev bildirib ki, ölkə başçısı İlham Əliyevin elektroenergetika sahəsində yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dövləti elektrik enerjisi idxal edən ölkəyə çevrilib.
Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycan qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edilir: "Bu ilin may ayının 1-dən "Azərenerji” ASC Yunanıstan, Rumuniya və Macarıstana elektrik enerjisi ixrac etməyəyə başlayıb. Qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisinin ixracını planlaşdırır. İxrac imkanlarının artırılması ilə yanaşı, enerji sisteminin etibarlılığının təmin edilməsi və artan tələbatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq itirilmiş güclərin bərpası və generasiya güclərinin axtarılması istiqamətində işlər davam etdirilir”.
Z.Quliyev vurğulayıb ki, 2018-ci il iyulun 3-də "Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanın aradan qaldırılması ilə bağlı tapşırıqların icrası davam edir:
"Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisə hansı açıq qurğuda baş vermişdisə həmin qurğunun tam şəkildə yenilənməsi işi oktyabrın sonuna qədər başa çatdırılacaq”.
Daha sonra çıxış edən KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, Fond 10 ildir ki, fəaliyyət göstərir. Fondun 10 illik fəaliyyəti barədə məlumat verən V.Səfərli tədbirin əhəmiyyətindən də bəhs edib. Bildirib ki, "Azərenerji” ASC-nin media ilə əlaqələri baxımından bu görüş çox əhəmiyyətlidir. Görüşün sonunda "Azərenerji” ASC-nin Reablitasiya Proqramı və yeni hədəflər” mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edilib. Müsabiqə bu ilin may ayının 10-dan iyulun 3-dək davam edəcək.
İsmayıl