“Azəriqaz”ın işçiləri harda işləyəcək?

Qurum ixtisarların aparılması ilə bağlı iddiaları qəbul etmir


Həmişə alışdığımız və eşitdiyimiz dövlət qurumlarında çalışanların işdən çıxarması ənənəsini indi də "Azəriqaz” İstehsalat Birliyi davam etdirir. İxtisara düşənlərə isə heç bir alternativ iş təklif olunmur.

Qaz-istismar sahələrinin işçiləri "modern.az”a "Azəriqaz” İstehsalat Birliyinin bir sıra rayonların qaz-istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanıldığını deyib. Həmçinin adıçəkilən qurum işçilərə özlərinə tezliklə yeni iş tapmalarını da məsləhət görüb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Azadlıq”a açıqlamasında "Azəriqaz”ın tərkibində yeni qurumların yaradıldığını və nəticədə böyük ixtisarların gözlənildiyini bildirib: "Bu barədə Komitəyə rayonlardan çoxsaylı müraciətlər daxil olub. İnsanların harada iş tapacaqlarından narahatdılar: "Beş rayonu birləşdirib bir rayona tabe etmək işsizliyə səbəb olacaq. Son günlər bizə müraciət edən saysız-hesabsız insan onlara iş təklif olunmadığından şikayətlənir. Deyirlər ki, yeni yaradılmış qurumda departament və mərkəz olacağı bəlli deyil. Narahatlıqlar da haqlıdır. Çünki qəza-dispetçer xidmətinə 10 nəfər lazım olacaqsa, işdən azad olunanlar təxminən 30 nəfərdir.

Düzdür, insan resursları departamentində bilik-bacarığın yoxlanması ədalətli formada keçirilir. Biz bu işə nəzarət etmişik və orada seçimlər şəffaf keçirilir. Yəni, hələlik insan resursları departamentində proses şəffaf gedir. Başqa sahələrdə də şəffaflığın təminatı bu prosesin ictimai nəzarətdə saxlanması nəticəsində mümkün ola bilər”.

M.Qəhrəmanlının sözlərinə görə, Neft Şirkətində işlə təminatla bağlı yaradılan proqramın "Azəriqaz” işçilərinə dəxli yoxdur: "İxtisara düşənlər müavinətlərini alıb gedir. Onlara heç bir iş və ya proqram təklif olunmur. Görünən odur ki, kütləvi ixtisarlar insanların işsiz qalmasına və bəlli problemlərə gətirəcək”.

"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev "Şərq”ə bunun ixtisar kimi qələmə verilməyin düzgün olmadığını söyləyib: "Struktur dəyişikliyi prosesləri çoxdan gedir. Bakıda və Abşeron rayon qaz-istismar sahələrinin tərkibindəki qəza-dispetçer xidmətləri ləğv edilir. Əvəzində operativliyi təmin etmək üçün mərkəzləşdirilmiş qəza təmir bərpa xidməti yaradılır.

Bu, strukturun təkmilləşdirilməsi prosesidir. Abşeron və paytaxtdakı qaz-istismar sahələrindəki qəza-dispetçer xidmətlərinin ləğvinin isə mayın 15-dən həyata keçirilməsi nəzərdə tutulub. Hələ bununla bağlı bütün təşkilati məsələlərə baxılır. Ona görə də deyilən məsələni indidən ixtisar kimi qələmə vermək, nə qədər işçi gedəcək demək qətiyyən düzgün deyil. Çünki yeni təşkilati struktur hazırlanacaq, struktur bölmələrinin əsasnamələrində ştat cədvəllərində müvafiq dəyişikliklər ediləcək. O demək deyil ki, heç nə yaratmırıq, ləğv edirik, sadəcə birləşdiririk”. Onu da bildirək ki, "Azəriqaz” İB-nin Zaqatala üzrə struktur dəyişikliyi artıq başa çatıb. Oğuz, Şəki, Qax, Balakən, Zaqatala olmaqla, beş rayonun istismar sahələrinin bazasında Zaqatala Regional Qaz-istismar İdarəsi yaradılıb.

Vüqar Şahinoğlu