"AzərTac" Cümhuriyyətin yadigarıdır
Dünyanın ən mötəbər media qurumu 98 yaşını tamamladı
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTac-ın 98 yaşı tamam olub. Respublikanın aparıcı informasiya agentliyi hesab olunan AzərTac yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Hətta insanlar arasında söz düşəndə belə deyirlər: AzərTac yazıbsa, deməli, düzdür. Hazırkı informasiya bolluğu şəraitində belə prinsipləri dəyişmədən jurnalistikanın qaydalarına, peşə kodeksinə əməl edən barmaqla sayılacaq informasiya qurumlarından biridir. Operativliyi qurban versələr belə xəbəri dəqiqləşdirmədən, yoxlamadan yaymırlar.
AzərTac eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 1 il 11 ay müddətində xalqımıza verdiyi dəyərli miraslardan biridir. Mətbuat tariximizdə özünəməxsus yeri olan rəsmi dövlət xəbər agentliyi Xalq Cümhuriyyətinin yaşıdıdır desək, yanılmarıq.
AzərTac-ın tarixinə nəzər salanda necə çətin, keşməkeşli, eyni zamanda şərəfli fəaliyyət tarixi yaşadığını görürük.
Agentlik fəaliyyətə başladıqdan cəmi 58 gün sonra Cümhuriyyət süquta uğradı, dövlət müstəqilliyimizi itirdik. İmperiya öz qanunlarını diktə etməyə başladı. Milli xəbər agentliyinin fəaliyyəti məhdudlaşdırıldı və onu sovet ideologiyasının ruporuna çevirdilər. Azadlıq günəşi təxminən 70 il sonra yenidən doğdu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə AzərTac da əzəli missiyasını - milli xəbər agentliyi funksiyasını yerinə yetirməyə başladı.
Sovet rejimi dövründə yaşadığı çətinliklərə, məhdudiyyət və sıxıntılara baxmayaraq, AzərTac Azərbaycan tarixinin təxminən bir əsrlik salnaməsini yaradıb. Dövlət müstəqilliyimizin bərpasından sonrakı illər isə onun inkişafının tam fərqli dövrüdür: agentlik ən müasir informasiya texnologiyaları ilə təchiz olunub, mobil, peşəkar yaradıcı komandaya və texniki heyətə malikdir. Azərbaycanın dinamik inkişafı və artan nüfuzu fonunda AzərTac da cəsarətlə dünya arenasına çıxır, beynəlxalq informasiya məkanında mövqeyini getdikcə möhkəmləndirir. Vaxtilə səsi Azərbaycandan kənara çıxmayan AzərTac bu gün dünyanın ən mötəbər iki media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir.
Bu uğur səhifələri arasında 2016-cı il xüsusi yer tutur. Həmin il AzərTac eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan mötəbər beynəlxalq tədbirlər 5 qitədən, 80 ölkədən 130 xəbər agentliyinin 200-dək təmsilçisini - qlobal informasiya siyasətini müəyyənləşdirən peşəkarları, həmçinin media üzrə beynəlxalq ekspertləri, regional media qurumlarının rəhbərlərini Bakıda bir araya gətirdi. Prezident İlham Əliyevin bu tədbirlərin birgə açılış mərasimindəki parlaq nitqi, Konqres iştirakçılarının bir qrupu ilə görüşü böyük rezonans doğurdu, 150-dən çox xəbər agentliyi tərəfindən geniş işıqlandırıldı.
Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərində həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik 2019-cu ilədək AzərTac-a keçdi. Bununla da Azərbaycanın və AzərTac-ın adı dünya media tarixinə həkk olundu.
Qeyd edək ki, müstəqil respublikanın milli xəbər agentliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu ilk vaxtlardan gündəmdə idi. Lakin müxtəlif səbəblərdən bu proses təxminən bir il uzanıb.
1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirəyə çıxarılır. İclasda Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu barədə məruzəsi dinlənilir və agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyliyə tapşırılır. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edilir. 1919-cu ilin ikinci yarısında AzərTac-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi hazırlanır.
1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olunur. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AzərTac-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırırlar.
Nəhayət, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başlayır. Martın 2-də "Azərbaycan” qəzetində "AzərTac” imzası ilə ilk xəbərlər dərc olunur. Lakin o, müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bilir. Həmin il aprelin 28-də Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən işğalı ilə Xalq Cümhuriyyəti süqut edir, bununla AzərTac-ın da müstəqilliyi əlindən alınır.
AzərTac Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrilir.
Azərbaycanda sovet hakimiyyətinin ilk aylarında AzərTac müstəqilliyini formal olaraq qoruyub saxlayırdı. 1920-ci il iyunun 9-da Nəriman Nərimanovun Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasının yaradılması haqqında imzaladığı dekretlə agentlik AzQafRosta adı ilə kollegiyaya daxil edildi. Agentlikdə informasiya işinin təşkilində kollegiyanın sədri, tanınmış jurnalist Ağababa Yusifzadə böyük rol oynayıb.
1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu. Həmin ilin avqustunda AzərTac-ın adı dəyişdirilərək AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başlayıb. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradılıb və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilib. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa edib.
1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlanıb. O vaxt "Azərinform" adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti olaraq ittifaq respublikaları arasında Ukrinformdan sonra "Azərinform"u o dövrün müasir "Videoton”, daha sonra isə "Olivetti” markalı kompüterləri ilə təchiz edib.
Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb.
2013-cü ilin sentyabrından AzərTac-ın Uşaq Bilik Portalı, 2014-cü ildən yenilənmiş Videosaytı fəaliyyət göstərir.
26 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb.
"Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTac) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTac)” publik hüquqi şəxs yaradılıb.
AzərTac foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı”, "Abidələrimiz”, "Dünya şəhərləri”, "Sənət karifeylərimiz” və digər bir sıra layihələr həyata keçirir.
"Azərtac” dünya informasiya məkanında
Azərbaycanın dünyada nüfuzu artdıqca, AzərTac-ın da beynəlxalq əlaqələri genişlənir. Bu gün AzərTac-ın həm ikitərəfli qaydada, həm də qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri, alyansları çərçivəsində uğurlu əməkdaşlıq əlaqələri var. AzərTac dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.
AzərTac bu gün 7 dildə mətnli, 5 dildə isə videoxəbər yayır. Bu dillər dünyanın ən populyar dilləridir və böyük bir coğrafiyanı əhatə edir. Ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar verilir.
Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AzərTac regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AzərTac buna həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri vasitəsi ilə nail olur.
AzərTac 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir, 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib.
AzərTac dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri yaradılıb.
Feysbuk, tvitter, youtube, instaqram kimi sosial şəbəkələrdə AzərTac-ın yeddi dildə profilləri fəaliyyət göstərir.
Azərtac hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində informasiya məkanında yerini qoruyub saxlamaqdadır. Bu gün saysız-hesabsız xəbər saytlarının, informasiya portallarının, hətta internet televiziyalarının da olmasına baxmayaraq Azərtac birinci etibarlı mənbədir. Doğru, dürüst məlumat almaq istəyənlər yenə də Azərtac-a müraciət edir, onun məlumatlarına inanır və etibar edirlər.
Şəymən