Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib

Prezidenti Volodimir Zelenski mərkəzi icra hakimiyyəti orqanları nümayəndələrinin irimiqyaslı anti-korrupsiya yoxlamalarını anons edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Mən bu gün Ukraynanın Baş naziri Sergey Koretski ilə danışdım. Mərkəzi icra hakimiyyəti orqanlarında bütün rəhbərləri: həm təyin olunmuşları, həm də səlahiyyətləri icra edənləri yoxlamaq lazımdır. Vergi Xidmətindən, ARMA-dan (Aktivlərin Müəyyən Edilməsi, Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentlik - red.) tutmuş yüksək korrupsiya riskləri olan müxtəlif inspeksiyalara qədər", - o qabardıb.

Zelenski həmçinin bildirib ki, fırıldaqçı çağrı mərkəzlərinin əməkdaşları üçün cinayət məsuliyyətinin tətbiqi barədə Ali Rada tərəfindən qəbul edilmiş qanunu imzalayıb. İndi onları 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Bu bəyanat Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) təşəbbüsü ilə sabiq baş prokuror Ruslan Kravçenkoya qarşı başladılan istintaq fonunda səslənib. İstintaqın məlumatına görə, Baş Prokurorluğun bölmələrindən biri fırıldaqçı çağrı mərkəzlərinin himayə edilməsi və əmlakın leqallaşdırılması ilə məşğul olub. Xüsusilə də, Ruslan Kravçenkoda axtarışlar aparılıb. Sentyabrın 7-də o, istefa ərizəsi verib.