"Azı 10 gündür ölüblər. Üfunət qoxusu ətrafı bürümüşdü"

Nüsrət Qasımov: "Tam məsuliyyətimlə deyirəm ki, dəm qazından boğulmaların bu qədər geniş yayılması aidiyyəti qurumun yox, istehlakçıların özbaşınalığı səbəbindəndir"



Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə baş verib. Dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

"Meyitlərin vəziyyətinə baxanda bilinirdi ki, azı 10 gündür ölüblər. Üfunət qoxusu ətrafı bürümüşdü. Meyitlər qaralmış, bəzilərinə hətta qurd da düşmüşdü. Kişinin meyitini götürəndə ayağı qopub əlimə gəldi”.

Bu dəhşət dolu sözləri Lent.az-a Sumqayıt sakini Zakir Ağayev deyib.

Meyitləri evdən Z.Ağayev ilə daha bir nəfər çıxarıb: "Dünən günorta 12 olardı. Binanın qarşısına xeyli adam yığılmışdı. Maraq üçün gəldim. Meyitləri evdən çıxartmaq lazım idi. Meyitlərə baxış keçirildi, sonra biz girdik. Kömək etdim. Kişinin meyiti hamamdan çıxdı. Həyat yoldaşının meyiti elə qapının ağzında idi. Qızının meyiti divanda. Uşaqlar isə yataqda. Bir nəfər vardı, onunla köməkləşib meyitləri evdən çıxartdıq”.

Hüseynovlar ailəsini qonşular tanımır. Sadəcə onu dedilər ki, ailə bu binaya 15 gün əvvəl köçübmüş. Kirayənişin qalırlarmış. Yeni olduqlarından qonşularla qaynayıb-qarışmağa macal tapmayıblar. Köçəndən təxminən 4-5 gün sonra ölüblər.
Qeyd edək ki, martın 4-də bina sakinləri zirzəmidən üfunət iyi hiss edəndən sonra polisə müraciət ediblər. Qapı açılanda meyitlərin iyləndiyi məlum olub.

Meyitlər maşınlara yüklənib və Sumqayıt şəhər morquna aparılıb.

Zakirin sözlərinə görə, zirzəmidə yerləşdiyindən evin pəncərəsi belə yoxmuş. Sadəcə, sanitariya qovşağında balaca nəfəslik varmış. İlkin ehtimala görə, bir ailənin məhv olmasına səbəb olan dəm qazı hamamdakı qaz qızdırıcısından yayılıb.

Qeyd edək ki, sözügedən hadisə cəmiyyətdə çox ciddi ajiotaj doğurub. İctimaiyyət üzvləri hadisə ilə bağlı aidiyyəti qurumu ittiham edib, günahkarların məsuliyyətə cəlb edilməsini tələb edir. İddialara görə, "Azəriqaz" əhaliyə baha qiymətə düzgün emal olunmayan qaz satır.

Uzun illər qaz istismarı sahəsində çalışmış, Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə hesab edir ki, konkret hadisə ilə bağlı, "Azəriqaz” və Fövqəladə Hallar Nazirliyi araşdırma aparacaq, həkim-ekspertlər rəy verəcək. İndidən konkret rəy bildirmək onların işinə müdaxilə hesab olunar: 

"Amma dəm qazından boğulmaların geniş vüsət alması fonunda ümumi səbəbləri deyə bilərəm. Fikrimcə, əsas səbəb vətəndaşların səhlənkarlığı, özbaşınalığı və müvafiq qanunları yox saymasıdır. Çox mükəmməl qanunlarımız, qazdan, elektrikdən təhlükəsiz istifadə qaydalarımız var, amma çox təəssüflər olsun ki, bizim insanlar qanunlara hörmət etmir, qaydalara əməl etmirlər. 

Qanun tələb edir ki, tüstü bacaları düz axımlı kalonkalardan düzəlməlidir, ən azı 6 aydan bir bu bacalar təmizlənməlidir. Ancaq bizdə tüstü bacaları, ventilyator yiyəsiz qalıb, 30-40 ildir təmizlik üzü görmür. Hisdən onların içərisində qurum əmələ gəlir, gəmiricilər yuva qurur. Sakinlər otaqların yerini dəyişdiklərindən havaçəkən dəlikləri də bəzən qapatmış olurlar ki, bu da mənzildə hava dəyişməsinin qarşısını alır. Bacaları təmizləmək "Azəriqaz”ın işi deyil axı. Qanun göstərir ki, tüstü bacalarını ev sahibi və ya mülkiyyət sahibi təmizləməlidir. Binalarda bu işə mənzil-kommunal təsərrüfatı idarəsi baxmalıdır.

Amma nə ev sahibləri, nə mülkiyyət sahibləri özlərini əziyyətə vermək istəyir. Yanğından Mühafizə İdarəsinin isə nəzarət etməyə həvəsi yoxdur. Nəzarət olmayan yerdə isə faciə olur. Qanunda yazılıb ki, istehlakçıların qaz cihazlarında özbaşına təmir aparılması qadağandır, cihazların yerini dəyişmək olmaz. Bütün bunlar üçün qaz təsərrüfatı işçilərinə xəbər vermək lazımdır. Bizim camaatda etinasızlıq, laqeydlik, məsuliyyətsizlik var. 

Evinə qaz sobası alır, deyir, özüm ustadan yaxşı bilirəm, başlayır sobanı özü bildiyi kimi quraşdırmağa, səhv quraşdırır, çoxu rezin, ya da plastik borulardan istifadə edir. Halbuki qaz boruları mütləq poladdan olmalıdır. Özləri bildiyi kimi, istədikləri şəkildə mənzildə boruların yerini dəyişdirirlər, havatəmizləyici sistemi - ventilyasiya sistemini sıradan çıxarırlar.

Qaz təchizatı "Azəriqaz”ın iştirakı ilə quraşdırılmalı və onların yoxlaması olmadan istifadə edilməməlidir. İnsanlar özləri "Azəriqaz”ın işçilərini çağırmalıdırlar, amma bizdə qapıya gələn işçini yoxlama üçün evə buraxmırlar”.

Ekspert hesab edir ki, qaz sobaları evin damından yarım metr hündürdə quraşdırılmalıdır. Bir kubmetr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. 

Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Qazı yanılı qoyub gecə yatmaq olmaz. Dəfələrlə mediada bununla bağlı maarifləndirmə işləri aparılır, amma insanlarda öz taleyinə qarşı laqeydlik var. Qazdan zəhərlənmələr daha çox hamamxanalarda və ya yataq otaqlarında baş verir. Hamamxanaların həcmi 7 kubmetr olmalıdır. Qapısı bayıra açılmalıdır və qapının aşağısında diametri 2,5 sm deşiklər olmalıdır. Pəncərəsi, ventilyasiya kanalı olmalıdır, vaxtaşırı təmizlənməlidir. Bu kanal bir saat ərzində otağın havasını 3 dəfə dəyişməlidir.

Qapı mütləq çölə açılmalıdır. Bütün bunlar qanunda öz əksini tapıb, ancaq insanlarımız nə oxumaq, nə də deyilənlərə qulaq asmaq istəyir. Yataq otağında qazı yanılı qoyub yatırlar. Evdən çıxanda qazı ümumiyyətlə söndürmürlər. Çox təəssüflər olsun ki, bu kimi səhlənkarlıqlar onlara özlərinin və əzizlərinin həyatı bahasına başa gəlir.

- Sumqayıtda baş verən hadisə binanın zirzəmisində olub. Zirzəmiyə qaz çəkilməsi nə dərəcədə düzgündür?

- Zirzəmiyə qaz çəkmək olmaz. Yox əgər çəkilməsi zəruridirsə, mütləq qaz sızması əleyhinə detektorlar quraşdırılmalıdır. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. "Azəriqaz” əhalidən tələb edir ki, məcburi şəkildə quraşdırılmalıdır, amma buna da əhəmiyyət verən yoxdur. Bu aparatlar bütün mağazalarda var və qiyməti də baha deyil, 30-40 manat civarındadır.

Axı insanlar niyə bu pulu öz canlarından üstün tuturlar? Detektorun qoyulmamasına görə də cərimə nəzərdə tutulub. Bir milyona villa tikdirən insanlar var, 30 manat verib bir detektor almağa xəsislik edir. Nəticə isə faciəvi olur. Anlaya bilmirəm ki, insanlar niyə bu pulu öz canlarından üstün tuturlar?

- Amma cəmiyyət bu cür bədbəxt hadisələrə görə aidiyyəti qurumu günahlandırır. Hesab edirlər ki, qaz düzgün təmizlənmir, tərkibində zəhərli maddə qalır. Yaxud da sobaların keyfiyyətsiz olduğunu əsas gətirirlər...

- Bütün bu iddialar kökündən yanlışdır, heç birinin əsası yoxdur. Görünür, bu iddiaları irəli sürən şəxslərin kimya elmindən xəbəri yoxdur. Bütün dünyada bu cür hadisələr baş verə bilir. Amerikanın, Belçikanın da qazı zəhərlidir? Dünyada ən təmiz qaz Azərbaycan qazıdır. Qazın tərkibi karbon və hidrogenin birləşməsindən əmələ gələn metan qazından ibarətdir. Əgər əhaliyə verilən qaz təmizlənmirsə, tərkibi zəhərlidirsə, niyə əhali kütləvi şəkildə dəm qazından zəhərlənmir, ancaq tək-tək ailələrdə baş verir. Məqsədim kiməsə yarınmaq və yaltaqlanmaq deyil, tam məsuliyyətimlə deyirəm ki, dəm qazından boğulmaların bu qədər geniş yayılması aidiyyəti qurumun yox, istehlakçıların özbaşınalığı səbəbindəndir. İstənilən alimlə bu mövzu ilə bağlı debata çıxmağa hazıram. Ayrılıqda zərərsiz olan karbon və hidrogenin birləşməsindən əmələ gələn metan qazı necə zəhərli ola bilər? Həmin zəhəri kim qatdı ora? Avropa ölkələri və digər inkişaf etmiş ölkələr Azərbaycandan qaz alır. Əgər bizim qazın tərkibinə zəhərli maddə qatılsa, həmin dövlətlər niyə alır?

- Belə çıxır ki, "günah öləndə olur” prinsipi burada yerinə düşür?

- Mən bu barədə danışmaqdan, insanları başa salmaqdan yorulmuşam, onlar isə qulaqardına vurmaqda davam edirlər. Evə yığılan 0,1 faiz dəm qazı 7 dəqiqədə ölümə səbəb olur. Beyin toxumaları zəhərlənir və ölür. İnsanlar bir az ehtiyatlı və ayıq-sayıq olsalar, "səssiz ölüm”ün qurbanı olmazlar. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin, dəm qazı gözü də acışdırır. Bunlara diqqət etmək lazımdır ki, həyatda qalasınız.

Şəymən