“Aztəminatlı ailələrə birdəfəlik yardım dövlətin sosial siyasətinin təzahürüdür” - Deputat




"Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir”.

Bu sözləri "Sherg.az” a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür:

"Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Dövlət başçısı əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür”.

Qeyd edək ki, Prezident İlham Əliyev"Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur.

Yeganə Bayramova