“Aztəminatlı ailələrə göstərilən yardım, dövlətin fasiləsiz həyata keçirdiyi sosial müdafiə tədbiridir" - Baş redaktor



"Aztəminatlı ailələrə göstərilən yardım ölkəmizdə fasiləsiz həyata keçirilən sosial müdafiə tədbirlərindəndir”. Bu sözləri "Sherg.az”a "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan sosial siyasətində dərin məzmunlu və çox istiqamətli fəaliyyət göstərməsi ilə dünya ölkələrindən fərqlənir:

"Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı həssas təbəqədən olan əhaliyə diqqət və qayğısının əyani sübutudur. Ölkə başçısı köməyə ehtiyacı olan insanları taleyin ixtiyarına buraxmır, zamanında öz dəstəyini göstərir. Ölkəmizdə ehtiyacı olan şəxslərə ünvanlı sosial yardımın verilməsi kimi geniş müdafiə tədbirləri görülür. 

Cənab prezidentin atdığı sonuncu addım da əhalinin həssas təbəqəsinin, yəni aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirdmək, maddi rifahını yaxşılaşdırmaq məqsədi güdür. Azərbaycanda əhalinin qayğıya ehtiyacı olan təbəqələrinin müxtəlif formalarda sosial müdafiəsi fasiləsiz bir prosesdir. Ölkəmizin bu yöndə fəaliyyəti həqiqətən də dünya ölkələrinin fəaliyyətindən fərqlənir. Aztəminatlı ailələrə birdəfəlik yardımın edilməsi onsuz da vəziyyəti həssas olan ailələrə dövlətin köməyidir. Bu istiqamətdə atılan addımlar ilk növbədə humanist xarakterilə seçilir, digər tərəfdən ölkədə müxtəlif təbəqədən olan insanlar arasında ədalətli bölgü prinsiplərinin qurulmasına xidmət edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur.

Yeganə Bayramova