"Aztəminatlı ailələrə yardım Prezidentin vətəndaşlarımıza olan diqqətinin nümunəsidir”




Dövlət siyasətinin əsas istiqamətlərindən birini Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi təşkil edir. Ölkə başçısı İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin təzahürüdür.
Sərəncama əsasən, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılacaq.

Əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub. Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamı yürüdülən məqsədyönlü siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir.

Dövlətimizin apardığı siyasətdə sosialyönümlülüyün xüsusi önəm kəsb etdiyini deyən "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Sherg.az”a bildirib ki, ölkə başçısı qayğıya ehtiyacı olan vətəndaşlarımızı daim diqqət mərkəzində saxlayır: 

"İmzalanmış sərəncam bunu bir daha təsdiq etdi. Hər zaman prezident vətəndaşların mənzil-məişət və sosil şəraitinin yaxşılaşması ilə bağlı sənədlər imzalayır. Prezidentin sərəncamı yüksək səviyyəli bir sənədir və əhali tərəfindən dəstəklənən bir qərardır. Ümumiyyətlə, ölkə başçısı vətəndaş amilinə xüsusi önəm verir. Cəmiyyətin bütün təbəqəsinin daim diqqət mərkəzində oluduğunun bir daha şahidi olduq. Ona görə də prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, aztəminatlı ailələrə yardım edilməsi prezidentimizin Azərbaycan insanına olan böyük diqqətinin nümunəsidir”.

Yeganə Bayramova