Ancaq valideynlərin təşvişə düşüb belə həyəcan qaldırması o deməkdir ki, yəqin nəsə bilib narahat olublar
Bakıda iki bacı itkin düşüb. Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin dünən səhər saatlarında paytaxt ərazisində itkin düşüb. Qızların yaxınları bu barədə polisə müraciət edib və onların xarakterik əlamətlərini, eləcə də fotolarını təqdim ediblər.
Bildirilir ki, gənc qızlar son olaraq Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsində tanışlarının evində olublar və həmin mənzili tərk edəndən sonra onlar barədə məlumat almaq mümkün olmayıb. Axtarış tədbirləri həyata keçirilir.
Hadisəni "Şərq”ə şərh edən "İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, kriminalist-ekspert İlqar Altay deyib ki, xəbərlərdən də göründüyü kimi, həmin qızlar bu gün səhər, yəni bir neçə saatdır ki, yoxdurlar:
"Əslində bir insanın qaçırılması və yaxud özünün naməlum yerə küsüb və ya intihar məqsədi ilə çıxıb getməsini məktub, zəng və s. yollarla bildirməsi faktı yoxdursa, operativ əməliyyat yanaşmasında itkin hesab edilməməlidir. Belə az vaxtda bu qızlar harasa gəzməyə də, rəfiqələri ilə şənliyə də gedə bilərlər. Ya məsuliyyətsizlikdən, ya telefonları, əlaqələri itdiyindən ailələrinə xəbər bildirmədən. Bunun üçün, müəyyən real məntiqli vaxt keçəndən sonra itkinlik barədə güman yarana bilir. Ancaq valideynlərin təşvişə düşüb belə həyəcan qaldırması o deməkdir ki, yəqin nəsə bilib narahat olublar. Və hüquq-mühafizə orqanlarının axtarış tədbirlərinə başlaması da yəqin ki, ictimaiyyətin bu barədə bilmədiyi əsaslara görədir. Yəni ola bilsin ki, yeniyetmə qızların belə təcili axtarılması və xilas edilməsinə əsaslar var.
Yoxsa sadəcə 2-3 saatdır uşağımdan xəbər yoxdu, söhbətinə görə hüquq-mühafizə orqanları o dərəcədə tədbirə başlamaz ki, bu da mətbuata və ictimaiyyətə çatdırılma səviyyəsi alsın. Burada ailənin özünün kimliyi, ailədaxili münasibətlərin, həmin yeniyetmə qızların əxlaq və davranışı, küsüb acıq edib getmələri, gedəndə nəsə bəyan etmələri, belə bir halın indiyədək olub olmaması, yaxud kimlərləsə düşmənçilikləri, qızlar olduğu tanışların izahatları, kiminsə onların qaçırılmasını görməsi, bilməsi və s. hallar nəzərə alınmalıdır. İstənilən halda polisin və əlaqədar dövlət orqanlarının bu məsələyə ciddi yanaşıb axtarış tədbirləri görməsi müsbət haldır. Çünki hər şey gözlənilə bilər, deyir şər deməsən, xeyir gəlməz”.
Şəymən