- “Türkiyənin zalı tərk etməsi Türkiyənin haqqıdır. Azərbaycanın zalda oturub öz balansını qoruması da Azərbaycanın haqqıdır. Bunu qarşı-qarşıya qoymaq iki qardaş dövləti üz-üzə qoymaq istəyənlərin oyunudur”
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ətrafında yaranan müzakirələr davam edir. Siyasi texnoloq Əziz Əlibəyli məsələni Azərbaycana qarşı yeni informasiya kampaniyası kimi qiymətləndirir.
Sherg.az xəbər verir ki, Əziz Əlibəyli bildirib ki, diplomatın BMT zalında qalması sosial şəbəkələrdə təqdim edildiyi kimi şəxsi siyasi seçim deyil, dövlət diplomatiyasının bir hissəsi kimi qiymətləndirilməlidir.
“Diplomatiya Instagram performansı deyil. Qapını çırpıb çıxmaq, story paylaşmaq deyil. Diplomatiya dövlətin marağını qorumaqdır”, - deyə siyasi texnoloq vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasətdə müxtəlif tərəflərlə münasibətlərini milli maraqlar əsasında qurur və bu çərçivədə İsraillə əlaqələr də ayrıca nəzərə alınmalıdır.
Əlibəyli qeyd edib ki, Azərbaycanın İsraillə münasibətləri enerji, texnologiya və kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edir. Eyni zamanda, o, Azərbaycanın Fələstin məsələsində mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb.
Siyasi texnoloqun fikrincə, Azərbaycan Fələstini dövlət kimi tanıyır, beynəlxalq platformalarda Fələstin məsələsinə dair mövqeyini ifadə edir və iki dövlət prinsipi əsasında həll tərəfdarıdır.
Əlibəyli Türkiyənin Netanyahunun çıxışı zamanı zalı tərk etməsi ilə Azərbaycanın nümayəndəsinin zalda qalmasının qarşı-qarşıya qoyulmasının da doğru olmadığını bildirib.
“Türkiyənin zalı tərk etməsi Türkiyənin haqqıdır. Azərbaycanın zalda oturub öz balansını qoruması da Azərbaycanın haqqıdır. Bunu qarşı-qarşıya qoymaq iki qardaş dövləti üz-üzə qoymaq istəyənlərin oyunudur”, - deyə o bildirib.
Siyasi texnoloq hesab edir ki, BMT diplomatik müzakirələrin aparıldığı platformadır və diplomatların əsas vəzifəsi dövlətin mövqeyini təmsil etməkdir.
Əlibəyli Azərbaycanın xarici siyasətində uzunmüddətli balansın qorunmasının vacibliyini vurğulayaraq, sosial şəbəkələrdəki reaksiyalar əvəzinə dövlətin real diplomatik addımlarına diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan XİN-in məlumatına görə, ölkə BMT çərçivəsində çoxtərəfli diplomatiyaya, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə bağlılığını vurğulayır.