Bacısı qızına toy etmək üçün böyrəyini satır

Əlacsız ananın bu qərarını heç öz övladları da bilmir



İki uşaq anası olan Xədicə Muradxanova maddi sıxıntılarına görə çıxış yolunu böyrəyini satmaqda görür. Pula ehtiyacı olduğunu söyləyən   əlacsız ana başqa yolunun olmadığını deyir. Onu fikirindən daşındırmağa çalışırıq, ailə vəziyyəti ilə maraqlanırıq.

- Xədicə xanım, ailədə neçə nəfərsiz?

- Beş nəfərik. Yoldaşım rəhmətə gedib. İki övladım var. Bacım da rəhmətə getdiyi üçün onun da iki övladına mən baxıram.

- Ailənizdə kimsə işləyirmi?

- Məndən başqa heç kim işləmir. Hərdən evimdə şirniyyat bişirməklə ailəmi dolandırıram.

- Böyrəyinizi satmaqla nəyə nail olacaqsız ki..?

- Mən çıxılmaz bir vəziyyətdəyəm. Maddi cəhətdən çox problemlərim var. Keçən il bir qadın məni aldatdı. Söylədi ki, oğlunun gözü zəifdir və pensiya düzəltmək istəyir. Faizlə ona pul aldım verdim. Amma sonra yoxa çıxdı. Nə qədər borca düşdüm. Bacım qızının birini nişanlamışam. İmkanım yoxdur ki, ona toy edim.

- Bu fikrə nə vaxtdan düşmüsüz?

- Təxmini bir aydır ki, bu fikirdəyəm. Xəstəxanaya getdim mənə dedilər ki, onlara bunu eləməyə icazə vermirlər. İrana getməyimi söylədilər. Hələ ki, İrana getmək üçün də heç bir imkanım yoxdur.

- Axı bu çıxış yolu deyil.

- Başqa çarəm yoxdu. Bayaq da dedim, ailədə məndən başqa heç kim işləmir. Bacım qızına bu ayın 
15-i toy eləməliyəm. Amma buna gücüm çatmır. 

- Ümumiyyətlə, bu barədə dövlət qurumlarına müraciət eləmisizmi? Bəlkə hansısa bir köməklik olar sizə?

- Mən evdar qadınam. Bu işləri həyata keçirmək üçün savadlı deyiləm. Hansısa bir insan da yoxdur ki, mənə yol göstərsin. Hətta övladlarım da bu məsələdən xəbərsizdilər. Onlara heç nə demək istəmirəm.

Yeganə Bayramova