Bağça müdirləri valideynləri şantaj edirlər

Kəmaldə Ağazadə: “Uşaq bağçalarının sayı çox olsa, rüşvət halları da azalacaq”



Uşaq bağçaları problemi həllini tapmır. Valideynlər övladlarını uşaq bağçasına qoya bilmir. Bağça müdirləri "yerimiz yoxdur” deyir. Ardınca da "100 manat ver, götürək” söyləyir. Belə çıxır ki, 100 manat verilsə, olmayan yer, "peyda” olacaq?! Bağça müdirlərinin "yer yoxdur” bəhanəsiylə valideynləri şantaj etməsi artıq sirr olmaqdan çıxıb hətta ombudsmanın hesabatına da düşüb.

Milli Məclisdə illik hesabatla çıxış edən ombudsman Elmira Süleymanova müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, müəssisələrin uşaqların sayı baxımından tələbatı ödəməməsi, uşaqların bağçaya qəbulu, eləcə də bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi hallarının olduğunu deyib.

Məsələyə münasibət bildirən Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə "Şərq”ə açıqlamasında qeyd etdi ki, mövcud problemlərlə tez-tez rastlaşırlar:

- Bizə valideynlər müraciət edib uşaqlarının sığınacağa yerləşdirilməsini istəyirlər. Mən başa düşürəm ki, bəzən analar çıxılmaz vəziyyətdə qalır. İşləyən qadın üçün azyaşlı uşağını bağçaya apara bilməməsi böyük problemdir. Amma bizim sığınacağın fəaliyyət istiqaməti tamam fərqlidir. Biz əsasən zorakılığa məruz qalmış, potensial insan alveri qurbanı ola biləcək uşaqları sığınacaqda yerləşdiririk. Burda yerləşdirilən uşaqlar fərqli kateqoriyaya mənsubdur. Sığınacaq, uşaq bağçası deyil. Bəzən çarəsiz valideynə kömək etmək məqsədilə uşaqları qəbul edirik. Amma bu da, müvəqqəti xarakter daşıyır. Bizim elə imkanımız yoxdur ki, bütün müraciətləri qəbul edə bilək. Uşaq bağçaları ilə bağlı problem həqiqətən də kəskindir. Elmira xanımın dediklərində böyük həqiqət var və təəssüf ki, bu, reallıqdır. Bunun tənzimləmə mexanizmi olmalıdır. İlk növbədə uşaq bağçaları ilə bağlı monitorinq aparılmalıdır. Neçə illərdir, mən belə monitorinqlərin aparıldığını görmürəm. Monitorinqlər aparılmadığı üçün də vəziyyətə düzgün qiymət verilmir və problemin həlli də tapılmır. Uşaq bağçalarının ərazilər üzrə və əhali sayına görə yerləşdirilmə məsələsi araşdırılmalıdır. Paytaxtın rayonları üzrə əhali sıxlığı, uşaqların sayı öyrənilməlidir və uşaq bağçaları da məhz əhalinin sıx olduğu, kiçikyaşlı uşaqların çox yaşadığı ərazilərdə inşa edilməlidir. Məlumdur ki, valideyn istəyir uşağı yaxınlıqdakı bağçaya getsin. Bu, vaxt itkisinə məruz qalmamaq baxımından valideynə zəruridir. Valideyn uşağını yaşadığı və ya işlədiyi ərazidən tamam kənar bir ərazidə yerləşən uşaq bağçasına aparmamalıdır. Bir sıra hallarda bağça müdirləri bununla valideynləri şantaj edirlər. Bilirlər ki, hamı uşağını yaxınlıqdakı bağçaya qoymaq istəyir, "yerimiz yoxdur” deyib, valideyni şantaj edirlər. Müstəqil ekspert qrupu yaradılmalıdır və uşaq bağçaları ilə bağlı ciddi monitorinq aparılmalıdır.

K.Ağazadə məlum rüşvət hallarının yaranmasında uşaq bağçası qıtlığının böyük rol oynadığını dedi:

- Uşaq bağçalarının sayı çox olsa, rüşvət halları da azalacaq. Bağça müdirləri xahiş edəcək valideyndən ki, uşağı mənim bağçama gətir. Bağçaların sayı azdır deyə, müdirlər bundan sui-istifadə edir. Bilirlər ki, valideyn uşağını uzaq yerə aparmayacaq, məcbur olub pul verəcək ki, təki uşağı evin yaxınlığındakı bağçaya getsin. Uşaq bağçaları bolluğu olmalıdır. Bizdə uşaqların yüzdə 16 faizi bağçaya gedir. Halbuki normal halda bu göstərici 100-də 80 faiz olmalıdır.

Məlahət Rzayeva