Noyabr ayının 20-nə kimi Uşaq Hüquqları Aylığı olduğunu xatırladan G.Səfərova bu müddətdə belə faktın uşaq hüquq təşkilatlarını hərəkətə keçirəcəyini bildirib:
"Bağçada “kasıblar qrupu” yaradan direktor məsuliyyətə cəlb oluna bilər"
Günel Səfərova:"Düşünün, 5-6 yaşında uşaq gəlib deyir ki, bağçada bizi “kasıblar” adlandırırlar. Həmin uşaqlardan necə güclü iradəli, vətəni sevən vətəndaş yetişdirə bilərik?”
Noyabr ayının 20-nə kimi Uşaq Hüquqları Aylığı olduğunu xatırladan G.Səfərova bu müddətdə belə faktın uşaq hüquq təşkilatlarını hərəkətə keçirəcəyini bildirib:
"Dövlət bağçalarının təsdiq edilmiş əsasnaməsi var. Bu müəssisələr valideynlərdən əlavə pul tələb etməməlidir”.
Bunu "Sherg.az”a Bakıda bağçaların birində direktorun pul verməyən uşaqları "kasıblar qrupu”na ayırmasına münasibət bildirərkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.
O bildirib ki, məktəbəqədər təhsil müəssisəsində uşaqları bu cür ayrı-seçkiliklə tərbiyə etmək humanist addım deyil:
"Bu kimi hadisələri, pul gətirməyən uşaqlar arasında ayrıseçkilik yaradılmasını, müəllimlərin uşaqları incitməsini mətbuatdan tez-tez oxuyuruq.
Bağçalarda uşaq sayı ilə bağlı da problemlər mövcuddur. Bəzən eşidirik ki, bağça rəhbərliyi uşaq qəbul etmək istəmir, pul tələb edir. Bunu da hardasa başa düşmək olur ki, maliyyə çatışmazlığı yaranıb.
"Kasıblar qrupu” deyə uşaqları bölmək bağça direktorunun məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Dövlət bağçalarında dövlətə ödənilən məlum məbləğ var. Məsələn, mənim öz övladım dövlət bağçasına gedəndə 10 manat pul ödəyirdim.
Bundan kənar bir nəfər də məndən pul istəməyib. Bu cür hallarla qarşılaşan valideynlər yerli icra hakimiyyətinə müraciət etsinlər. Hüquqi müstəvidə hansısa fakt varsa, bunu məhkəməyə qədər gətirib çıxara bilərlər”.
Noyabr ayının 20-nə kimi Uşaq Hüquqları Aylığı olduğunu xatırladan G.Səfərova bu müddətdə belə faktın uşaq hüquq təşkilatlarını hərəkətə keçirəcəyini bildirib:"Hazırda uşaq bağçalarının infrastrukturu dəyişdirilir. Uşaq evləri, internatlarda vəziyyətin yaxşılaşdırılması, infrastrukturun düzəldilməsi istiqamətində işlər görülür. Bu yaxınlarda uşaq hüquqları forumu keçiriləcək. Bu qədər addım atılması fonunda belə mənfi halın baş verməsi Azərbaycanda uşaqlarla bağlı strateji siyasət olmaması fikrini yaradır.
Halbuki bu istiqamətdə fəaliyyət göstərən Ailə, Qadın, Uşaq məsələləri üzrə dövlət komitəsi, digər əlaqədar qurumlar məsələyə çox həssas yanaşır. Yaranmış mənfi hal odur ki, baş verən bir hadisə atılan müsbət addımları kölgədə qoyur. Düşünürəm ki, uşaq hüquq müdafiəçiləri bu məsələləri araşdırmalıdırlar. Buna laqeyd qalmaq olmaz.
Bu uşaqlar əslində hüquqi zorakılıq qurbanlarıdır. Onlara qarşı psixoloji zorakılıq törədilib. Bu körpələrin "kasıblar qrupu” adlandırılaraq aşağılanması onların psixoloji zərbələr alması ilə nəticələnə bilər. Uşaqları bu cür zorakılığa məruz qoymağa heç kəsin haqqı yoxdur. Düşünün, 5-6 yaşında uşaq gəlib deyir ki, bağçada bizi "kasıblar” adlandırırlar. Həmin uşaqlardan necə güclü iradəli, vətəni sevən vətəndaş yetişdirə bilərik?”
Birlik sədri uşaq bağçalarının icra hakimiyyətlərinin səlahiyyətinə aid edilməsinə də toxunub. O bildirib ki, 2012-ci ildə uşaq bağçalarının Təhsil Nazirliyindən alınıb, icra hakimiyyətlərinə həvalə edilməsi sosial təşkilatlar üçün gözlənilməz qərar olub:
"Həmin illərdə uzun müddət, Təhsil Nazirliyində uşaqların bilik və bacarıqlarının artırılmasına istiqamətlənmiş işlər görüldü. Təlimlər, seminarlar keçirilir, beynəlxalq standartlar öyrənilirdi. Sözü gedən qərardan sonra bütün bu kampaniya hədəfini doğru seçməmiş sayıldı. İcra hakimiyyətindəki müvafiq şöbələr uşaqların bütünlükdə sayını əhatə edəcək işlər görə bilməz. Bu heç fiziki cəhətdən mümkün deyil ki, hər an bu məsələlər nəzarətdə saxlanılsın.
Buna görə, dönə-dönə təklif etdik ki, icra hakimiyyətlərində bunlarla məşğul olan sosial işçilər fəaliyyətə başlasın. Həmin işçilər mobil xidmət göstərməli, monitorinqlər aparmalıdır. Nəzarət mexanizmləri olmalıdır. Şöbə müdiri hər yeri gəzib, ərazidə olan problemli ailələri, uşaqları araşdıra bilməz. Lakin bütün bu hadisələri sadə mexanizmlə - sosial işçilərin araşdırması və qiymətləndirməsi ilə aradan qaldırmaq olar”.
Qeyd edək ki, paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir.
Narazılığa səbəb isə bağçaya yeni gələn direktorun tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda yaş fərqli olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
Aysel Aslan