“Bahalaşma əsasən manatın devalvasiyası ilə bağlıdır”
Cümşüd Nuriyev: “İri market sahibləri öz tamahlarını ört - basdır eləmək üçün gömrüyün adından istifadə edir”
Ottavada Şimali Amerika liderlərinin sammitində çıxış edən ABŞ Prezidenti Barak Obama əvvəl-axır neftin qiymətinin bahalaşacağını bəyan edib. Onun sözlərinə görə, hazırda neftin qiyməti ucuz olsa da, bu qiymətlər getdikcə artacaq. Çünki neft məhdud resursdur və onun hasilatına yönələn xərclərdə də artacaq. Obamanın açıqlaması fonunda neftin qiyməti, dolların məzənnəsi və digər iqtisadi problemlərlə bağlı "Şərq”ə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin sabiq nazir müavini Cümşüd Nuriyev də ilin sonuna qədər neftin qiymətinin bahalaşacağını proqnozlaşdırır:
- Son illərdə geopolitika geoiqtisadiyyatı üstələyib. Geopolitika ayrı-ayrı dövlətlərin marağına xidmət etdiyi müddətdə isə geoiqtisadiyyatın axsaması davam edəcək. Yarım milyardlıq dünya əhalisinin ərzaq təminatı, gündəlik tələbatı ödənmədikcə, təkliflər də siyasiləşəcək. Avropa dünyanın ən sakit bölgələrindən biri idi, amma artıq orada da qarşıdurmalar başlayıb. Bir çoxlarının ürəyincə olmasa da, onlar istehsal prosesini artırmağa məcbur qalacaqlar. Obama ilə bu mənada razılaşıram ki, ilin axırına qədər neft 5-10 dollar bahalaşacaq. Elə istehsal prosesinin sürətlənmə tempi də o cür nəzərdə tutulub. Yavaş- yavaş dünya iqtisadiyyatı böhrandan çıxmağa başlayır və yeni mərhələyə qədəm qoyur. Hər böhrandan sonra isə mütləq bir irəliləyiş olur.
- Dünya bazarında neftin qiyməti bahalaşır, dünya iqtisadiyyatı böhrandan çıxmağa başlayır, amma Azərbaycan manatı günü-gündən dəyərdən düşür. Bu necə olur?
- Bunun yeganə səbəbi Mərkəzi Bankın yeritdiyi səhv pul-kredit siyasətidir. Dövlət büdcəsi təsdiq olunan zaman ölkənin pul-kredit siyasəti də qəbul olunur. Hesab edirəm ki, bir il ərzində Azərbaycan manatının 82 faiz devalvasiyaya uğramasına məsuliyyət daşıyanlar hesabat verməlidirlər. Bu işin səbəbkarları devalvasiya ilə paralel olaraq qəfildən Azərbaycanın xarici borclarında da ciddi problem yaratdılar. Azərbaycanın dollarla müqayisədə adambaşına düşən ümumdaxili məhsula görə dünyanın inkişaf etməkdə olan ölkələri siyahısına düşmək ərəfəsində olduğu bir zamanda bu cür təxribatlara əl atmaq kimə, nəyə xidmət edirdi, deyə bilmərəm. İqtisadiyyatda heç dəyişiklik olmadığı halda manatın ucuzlaşması başadüşülən deyil. Hesab edirəm ki, yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası bu işi araşdırıb, arxasında dayanan maraqları aşkara çıxarmalıdır. Amma indiki situasiyada manatın ucuzlaşması davam edəcək. Ən azından Mərkəzi Bank tərəfindən yeridilən pul-kredit siyasəti bunu şərtləndirir. Azərbaycan 25 ildir müstəqildir və bu müddət ərzində bizdə ancaq monetar siyasət yeridilib. Keynes nəzəriyyəçiləri isə tamamilə kənarda qalıb. Bütün bunların fonunda monetaristlərin manatı qoruyacağına şübhə edirəm.
- Manat sərbəst buraxılsa, real qiyməti neçədə müəyyənləşər?
- Pulun iki - əmtəə və bazar dəyəri olur. Hazırkı mərhələdə Azərbaycan manatı öz dəyərindən çox aşağı salınıb. Özü də qəsdən... Sərbəst buraxılsa, manatın real qiyməti 1.25-1.35 səviyyəsində müəyyənləşər. Manatın indiki məzənnəsi sırf ayrı-ayrı şəxslərin maraqlarına xidmət edir. Axı bizim manat o qədər də uğursuz valyuta deyil. İqtisadi imkanları bizdən dəfələrlə aşağı olan Gürcüstan larini qoruyub saxlaya bilir, Azərbaycan yox!? İnflyasiyanın 9 növü var, amma bizdə onun heç birinə rast gəlinmir. Pul-kredit siyasətimizi lap həftəbecər ediblər. Yeridilən siyasət ölkənin iqtisadi inkişafına kömək eləmir, iqtisadiyyatı stimullaşdırmır, sahibkarlığın inkişafına, ölkənin tədiyyə balansının artırılmasına, ticarət balansının gücləndirilməsinə xidmət etmir. Makroiqtisadi göstəricilərin heç birinə xidmət etməyən pul-kredit siyasəti bizim nəyimizə lazımdır?!
- Banklara borcu olan vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün hansı addımlar atılmalıdır?
- Əvvəla, kommersiya banklarına faiz məhdudiyyəti qoyulmalıdır. Beynəlxalq Bank 3 illik kredit üçün 46 faiz tələb edir. Dünyanın heç bir ölkəsində bu cür dəhşətli faizlərə rast gəlinmir. Normal şərtlərdə kredit faizləri 18-i keçməməlidir. Bu qaydanı pozanlar ölkənin "Banklar və bank krediti haqqında” qanununu kobud şəkildə pozurlar. Bu gün vətəndaşların üzləşdiyi ən böyük problem xarici valyutada götürülən kreditlərin qaytarılması ilə bağlıdır. Çıxış yolu isə xarici valyuta ilə götürülən kreditlərin həmin valyutanın əvvəlki məzənnəsinə uyğun olaraq ödənilməsindən keçir. Vətəndaşın günahı deyil ki, 2 il bundan əvvəl dollar 0,78 qəpik olub, indi 1,54 qəpikdir. Hesab edirəm ki, indiki halda dövlət vətəndaşlara yardım etməli və ən azı kredit faizlərinin silinməsini banklar qarşısında öhdəlik kimi qabartmalıdır. Bizim bankların işi-gücü vətəndaşların cibinə girmək, onları soymaqdan ibarətdir. Heç sələm verənlər bu qədər amansız olmur.
- İqtisadiyyatın təməl prinsipi istehsaldır. Bizdə isə istehsalat yox səviyyəsindədir. Hansı ki, ölkə başçısı iqtisadiyyatı neftdən asılılıqdan azad etmək üçün qeyri-neft sektorunun inkişafını hökumətin qarşısında əsas məqsəd qoyub. Sizcə, bu sektorun inkişafı üçün optimal variantlar nələrdir?
- Qeyri-neft sektorunun inkişafına nail olmaq üçün yeganə çıxış yolu kənd təsərrüfatı sahəsinin inkişafından keçir. Bunun üçün də dövlətin xüsusi proqramları olmalıdır. Hollandiya balaca bir dövlətdir və bu dövlətin illik aqrar istehsalı 10 milyard dollarla ölçülür. Özünə lazım olandan 5-10 dəfə artıq kənd təsərrüfatı məhsulu istehsal edib, satır. Azərbaycanın da bu cür imkanları da, istedadlı mütəxəssisləri də var. Amma aidiyyəti qurumlar bunların heç birindən istifadə eləmir. Bizim indiki halda yeni vasitələri sınaqdan keçirməyə vaxtımız yoxdur. Sınaqdan keçirilən təcrübələrdən yararlanmaq lazımdır. Həmdəki Azərbaycan dünyada da qəbul olunan paralel islahatlar modelini seçib. Onlardan istifadə etmək lazımdır. Biz indiki halda qarşılıqlı ittihamları, küskünlükləri bir kənara qoyub, iqtisadiyyatımızın inkişafı üçün əlimizdən gələn yardımları ortaya qoymalıyıq. "Vəzifədə oturan filankəsdir, mən niyə bu problemin həllinə çalışmalıyam” deməklə ölkəmizi uçuruma yuvarlamış olarıq. Vəzifədə oturanlar biri-biriləri ilə kompromisə getməlidirlər. Ayrı-ayrı mütəxəssislərdə yaxşı fikirlər var. Onlardan faydalanıb ən azı 5 il üçün aqrar sahə ilə bağlı vahid bir proqram hazırlanmalı və bölgələr üzrə icra olunmalıdır. O zaman Azərbaycanın heç bir proqramı qalmaz. Qeyri-neft sektorunun istehsalda cəmi 17 faiz payı varsa, bu proqramla cəmi 3 il ərzində faiz göstəriciləri 40-a çatar. Bu isə büdcənin 30-35 faizi deməkdir.
- Avropa İttifaqı (Aİ) Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb. Bu maliyyə ilə kənd təsərrüfatında hansı işlər görülə bilər?
- Müxtəlif proqramlar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sahəsinə maliyyə yardımları ayrılır. Amma bu günə qədər həmin vəsaitlərin hara xərcləndiyinin hesabatı verilməyib. Hesab edirəm ki, bu vəsaitlər kiçik və orta sahibkarlığın inkişafına yönəldilməli, birgə fermer təsərrüfatları yaradılmalıdır. Həmin vəsaitlərin bölüşdürülməsi Maliyyə Bazarlarına nəzarət palatasının əli ilə həyata keçirilməlidir ki, yeyinti olmasın.
- Əhali marketlərdəki bahalıqdan şikayətlənir. Sahibkarlar isə qiymət artımını gömrükdə onlara yaradılan süni problemlərlə əlaqələndirirlər. Sizcə, qiymət artımını hansı səbəblər şərtləndirir?
- Qiymət artımının gömrüklə heç bir bağlılığı yoxdur. Bahalaşma əsasən manatın devalvasiyası ilə bağlıdır. Azərbaycanda istehsal olunan ət və ət məhsullları, süd və süd məhsulları da bahalaşırsa, bunun gömrüklə nə əlaqəsi var? Əksinə, Azərbaycanda ən ideal şərait gömrük xidmətindədir. Sadəcə olaraq, iri market sahibləri öz tamahlarını ört- basdır eləmək üçün gömrüyün adından istifadə edir. Düzdür, dövlət müəyyən mənada bahalaşmanın qarşısını almaq üçün yarmarkalar keçirir. Amma bu, çıxış yolu deyil. Ya Kənd Təsərrüfatı Nazirliyinin adını dəyişdirib, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi qoymalı, ya da sırf qida təminatına nəzarət edən bir agentlik yaradılmalıdır. Bu qurum isə öz növbəsində həm tədarük, həm də satışla məşğul olmalıdır.
Şəymən