Bakı böyük dövlətlərdən ədalət gözləyir

“Uzunmüddətli sülhə nail olmaq üçün Tramp Rusiya prezidenti Putini yola gətirməlidir”





Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün ölkə liderlərinə kömək göstərməyə hazırdır. Səfir bir müddət əvvəl Vaşinqtonda olduğunu və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferlə görüşdüyünü bildirib:

"Biz onunla prosesi irəli aparmaq üçün hansı işlərin görülməli olduğu barədə müzakirələr apardıq. Amerikada yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələnin hansı şəkildə davam etdirilməsi barədə düşündük və qərar verdik ki, Minsk Qrupuna yeni həmsədr təyin olunsun”. Sekuta Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən də danışıb: "Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”. O bildirib ki, hazırda ATƏT-in Minsk Qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar. Bir sıra ekspertlərə görə, Sekutanın açıqlamaları ABŞ-ın münaqişə ilə bağlı əvvəlki mövqedə olduğunu, problemin həllini daha çox Rusiyaya həvalə etdiyini göstərir. Lakin Tramp administrasiyasının münaqişənin həlli istiqamətində Obamadan fərqli addım atacağını iddia edən şərhçilər də var. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Azərbaycan Vaşinqtondan Qarabağ probleminin həllində ədalətli mövqe gözləyir. Ekspertin fikrincə, Amerika öz siyasətində müəyyən dəyişikliklər etməlidir:

"Bu dəyişiklik münaqişələrin həllində, dünyada sabitliyin bərqərar olmasında ABŞ-ın daha fəal olmağına gətirib çıxara bilər. Onu da unutmaq olmaz ki, Donald Trampın Prezident seçilməməsi üçün erməni lobbisi çox ciddi işlər görürdü. Trampın erməni diasporası ilə heç bir əlaqəsi yoxdur. Ona görə ümidvarıq ki, ABŞ-ın yürüdəcəyi siyasət, bilavasitə Qarabağ münaqişəsinin həllinə yardımçı ola bilər. Rusiya isə "donmuş münaqişə” vəziyyətinin uzanmasını arzulayır. Kreml Azərbaycanın Avropaya təbii qaz ixracını şəxsən önləmək istəyir”. 

Siyasi şərhçi bildirib ki, ABŞ öz etibarlı müttəfiqi Azərbaycanla, Rusiyanın müttəfiqi Ermənistan arasında təcili sülh müqaviləsində israr edərsə, Tramp Putinin sülhpərvər, yoxsa bütün dünyada sabitliyi pozan fiqur olduğunu nümayiş etdirə bilər: 

"Amerika Birləşmiş Ştatları, Rusiya, eləcə də Fransa Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupunun üzvləridir. Minsk Qrupu vasitəsilə Rusiya Ermənistana həm siyasi yardım edir, həm də İrəvanı silahlandırmaqla münaqişənin uzanmasına nail olur. Problemin həllinə baxışda Amerikanın istəyi bəllidir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qüvvələrini çıxarması tələb olunmalı, əvəzində Azərbaycandan Avropaya gedəcək qaz kəməri Ermənistan ərazisindən keçirilməlidir. Üçüncüsü, hər iki tərəf Qarabağa müstəqillik deyil, yüksək muxtariyyət statusunun verilməsi ilə bağlı razılığa gətirilməlidir. Qarabağdakı ermənilər də tam muxtariyyətlə təmin olunmalıdır. Uzunmüddətli sülhə nail olmaq üçün Tramp Rusiya Prezidenti Putini yola gətirməli, o da öz növbəsində Ermənistan Prezidenti Sarkisyanı razı salmalıdır. Bir sözlə, vəziyyət kifayət qədər mürəkkəbdir”.

İsmayıl