Bakı yağışa baş əydi

Amma onlar vaxtında başını aşağı əyib işləməliydilərTəkcə meriya və icra hakimiyyətləri deyil, Nəqliyyat Nazirliyi, “Azəryolservis”, “Azərsu”nun da suçu böyükdür
Paytaxtımızın yağış önündə məğlubiyyətinə artıq adət etmişik. Bakıdan qələbə gözləməyinə dəyməz. Şəhəri elə günə qoyublar ki, ancaq normaya uyğun gəlir. Azacıq yağış, ya da qar normanı aşdımı, qara günlər başlayır. Srağagünki kimi. Küçədə qalan kim, tıxacda ilişən kim, evini su basan kim, ümumiyyətlə, evinə gedib çıxa bilməyən kim...
Günahkarsa, təbiətdi; yağış normadan artıq yağıb, ona görə də küçələri sel-su basıb. Şəhər iflic olub. Amma bir adam sual etmir ki, şəhər infrastrukturu - yəni prospekti, körpüsü, küçəsi, yolu, keçidi, kanalizasiyası, su axarları və sair və ilaxır, niyə ancaq normaya hesablanır. Siz təbiətlə müqavilə bağlamısız, söz kəsmisiz nədi, yağışı çox yağdırmayacaqsan, qışda da qar bir-iki gün, amma azacıq haa, yağıb qurtaracaq?! Bu ağılla hərəkət etməyin adını, yəqin özləri bilir.
Amma srağagün Bakının nə payıza, nə də qışa hazır olmadığı bir daha təsdiqləndi.
Sosial şəbəkələr küçələrlə axan sellər, suya batıb qalmış avtomobillər, yolun ortası ilə gah suya bata-bata, gah da hoppana-hoppana gedən adamların görüntüləri ilə doludur. Kimisi məcbur qalıb divara dırmaşır, kimisi üzgüçülük edir, çarəsiz qalıb taleyi ilə barışan, şalvarının balağını çırmalayıb dəryanın ortasıyla sakit-sakit yeriyənlər də vardı. Sosial şəbəkə istifadəçiləri də srağagün küçələrdə çarəsiz qaldıqları vaxtda mobil telefonla başlarını qatıblar, hər kəs gördüyünü paylaşıb. Kimisi, yolu keçə bilməməyindən, kimisi maşının yolda qalmasından, bəzisi həyətini su basmasından, bəzisi də evinin dammasından yazırdı. Əyni nazik olan da, yəqin artıq sətəlcəmdi. Qısası, srağagün Bakı da, sakinləri də, suya düşmüş cücəyə oxşayırdılar.
Küçələrdən şırıltı ilə axan sellər təkcə kənar məhəllələrdə olsaydı, yenə dərd yarıydı. Məsələ burasındadır ki, keçilməzlik şəhərin gur, mərkəzi hissələrində də yaşanıb. Paytaxtın mərkəzi prospekti - "Neftçilər”də avtomobil tıxacının uzunluğu kilometrlərə çatdı. "20 Yanvar”da həmişəki dəhşət yaşandı. Ziya Bünyadov prospekti, Dərnəgül, "Qələbə” kinoteatrının ətrafı... Qısası, şəhərin dörd bir yanı. İnsanlar yollarda çarəsiz qaldı, avtobuslar işləmədi. Taksilər qiyməti 15 manata qaldırdı. Selin ortası ilə hərəkət etmək asan gəlməsin... Tutalım şossedən aşağı səviyyədə olan həyətlər, köhnə məhəllələr, zirzəmilər suya təslim olur, dolur. Bəs yollara, prospektlərə nə gəlib?! Onlar niyə suyun altında inləyir? Demək ki, suyun axarı yoxdur. Yağış hara düşdüsə, ordaca göllənib qalır.
Su-drenaj sistemi düzgün qurulmayıb
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə bu fikirdədir ki, paytaxtın yağış sularına belə asanlıqla təslim olmasının səbəbi şəhər infrastrukturuna cavabdeh qurumların işinin öhdəsindən gələ bilməməsidir:
- Burada təkcə meriyanı, yaxud hansısa icra hakimiyyətini günahlandırmaq düzgün olmaz. Şəhər infrastrukturuna bir neçə qurum cavabdehdir. Deyək ki, Nəqliyyat Nazirliyi yol çəkir, körpü tikir, "Azəryolservis” hardasa asfalt örtüyünü dəyişir və s. bu yolların, körpünün istismara yararlı halda olmasına da digər qurumlar məsuliyyət daşıyır. Körpülərdə su axarları qoyulub. Bəs onların açıq qalmasını təmin etmək lazım deyil? Bu işi gərək kommunal təsərrüfatı birlikləri həyata keçirsin. Harda su axarları varsa, onların axıcılıq qabiliyyətini yoxlasınlar, gözü tutulanları açsınlar. Həmçinin, bu işdə "Azərsu” da məsuliyyət daşıyır. Digər tərəfdən yollar çəkilərkən, asfalt örtüyü təzələnərkən su-drenaj sisteminin düzgün qurulmasına diqqət edilməlidir. Yol elə çəkilməlidir ki, ortası hündür, kənarları isə alçaq olsun ki, su yolun ortasında yığılıb qalmasın, kənarlara doğru axsın, oradan da su axarları vasitəsilə ümumi kanalizasiya şəbəkəsinə ötürülsün. Yolun relyefindən asılı olaraq çökəkliklərdə kanalizasiya xətləri, yağış barmaqlıqları, su axarları quraşdırılmalıdır. Bir sıra hallarda bunlar düzgün quraşdırılmadığından yağış suları yolda və yol kənarlarında yığılıb qalır. Mən fikir vermişəm ki, yeni çəkilən yollarda yol boyu bir dənə də su axarı yoxdur. Bəs bu su hara axmalıdır? Əlbəttə, yığılıb qalacaq.
Kanalizasiya sistemi bir çox yerlərdə köhnədir və suyu ötürmə gücünə malik deyil. Ona görə həm yağış suları, həm də qrunt suları məhəllələr arasında, həyətlərdə toplanır. Yağış sularının axıdılması üçün kanalizasiya sisteminin düzgün qurulmasına ehtiyac var.
"Azərsu”nun gecə "novatı”
"Dünən axşam küçələrdə toplanan yağıntıların miqdarı çox olduğu üçün kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.
Bunu isə Lent.az-a açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, paytaxtın kanalizasiya xətləri normal rejimdə işləyir və vaxtında təmizlənir: "Ancaq dünən gecə yağan yağışların həcmi çox olduğundan kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.
Qurum rəsmisi bildirib ki, "Azərsu” ASC-nin müvafiq şöbələrinin əməkdaşları bu gecə səhərə qədər küçələrdə yaşanan bu problemi aradan qaldırmaq üçün işləyiblər: "Bizim qurumun, Fövqəladə Hallar Nazirliyinin işçiləri, "Azəravtoyol” ASC-nin və digər qurumların işçiləri ilə birlikdə səhərə qədər işləyiblər. Yağan yağışların fəsadlarının aradan qaldırılması üçün işlər görülüb. Yağış dayanandan sonra küçələrdə yığılan sular çəkilib”.
Bu cavabdan sonra bilmirsən, ağlayasan, yoxsa güləsən. Yaxşı ki, göylər insafa gəlib yağışını dayandırdı. Yağış bir neçə saat da yağmaqda davam etsəydi, görəsən halımız necə olacaqdı? Gərək Hacıbala müəllim ümumən şəhər üçün qayıqlar sifariş etsin. Bakı da olsun Venesiya kimi... Qayıqla hərəkət edək. Belədə turistlərimizin sayı da artar.
Yadıma böyük rus ziyalısı Maksim Qorkinin bolşevik inqilabından sonra Bakıya gələndə dediyi tərif düşdü: "Bakı gecələri Neapolu xatırladır”. İndi vəziyyət dəyişib. Bakının gecələri də, gündüzləri də Venesiyanı xatırladır - yağış yağanda. Təkcə qayıqlarımız əskikdi.
Məlahət Rzayeva