"Bakıda avtobuslar üçün zolaqların yaradılması mümkün deyil" - EKSPERT





Ölkəmizdə sərnişindaşıma təhlükəsizliyinin və rahatlığın təmin edilməsi, yaranmış tıxacların aradan qaldırılması və avtobusların digər nəqliyyat vasitələrinə maneçilik törətməməsi üçün bir sıra tədbirlər görülməkdədir.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Agentlikdən verilən məlumata görə, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

BNA-nın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Bəzən avtobuslar hərəkətdə olduğu zaman müəyyən xoşagəlməz hallarla rastlaşırıq. Bunlardan ən önəmlisi onların hərəkətdə olduğu vaxt biri-birləri ilə "yarışması”dır. Təbii ki, bu, ilk növbədə vətəndaşların həyatı üçün təhlükəli faktordur. Bəs görəsən, xüsusi zolaqlar yaradılarsa, belə halların qarşısını almaq mümkün olacaqmı?

Məsələni dəyərləndirən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı paytaxtın küçələrində qarmaqarışıq bir vəziyyətin olduğunu söyləyib. O bildirib ki, paytaxtda olan evlər çox hündürdür və demək olar ki, hamısı yolun qırağında yerləşir. Buna görə də, baş redaktor xüsusi zolaqların yaradılmasının sadəcə xəyal olduğunu deyib: 

"Xüsusi zolaqlar yaratmaq üçün gərək Bakı şəhərini söküb yenidən tikəsən. Bizim bugünkü tikilmiş binaları, gecəqondular və qədimdən qalma tikililəri nəzərə alsaq, hamısı pərakəndə şəkildədi. Çünki, kimin ürəyi necə istəyibsə, o şəkildə də tikib. Sovet dövründə tikilən binalara baxdıqda normaların qorunduğunu görmək olar. Bu binalar yol təsərrüfatı ilə vəhdət təşkil edir. Yeni tikilən binalara baxanda görürük ki, onların bünövrəsi asfaltın qırağından qoyulub. 20-22 mərtəbəli bina tikiblər. Maraqlıdır, bu binanı kimlər sökəcək? Niyə "bəzəkli” və "gözəl” sözlərlə başımızı qatırlar?. Axı zolaqların yaradılması mümkünsüzdür. Bu məsələlər yalnız BNA-dan asılı deyil. Şəhərsalma məcəlləsinin qaydalarını qorumalı olan yüzlərlə aidiyyəti orqan var. Bakının elə bir nöqtəsi yoxdur ki, orda hündürmərtəbəli binaya rast gəlməyək. Bu binalar da milyonlarla vəsait hesabına tikilib. Artıq orda yaşayış var. İnsanlar külli miqdarda pul ödəyiblər. Avtobus üçün zolaq çəkirəm deyib şəhəri sökmək lazım deyil”.

E.Muradlı həmçinin bildirib ki, əgər belə bir zolaqlar yaradılacaqsa, onu bütün şəhərdə deyil, müəyyən ərazilərdə tətbiq etmək olar:

"Bu sadəcə pilot layihə kimi həyata keçirilə bilər. Şəhərin nisbətən sıxlıq olmayan nöqtələrində xüsusi zolaqlar yaradılmalıdı. Məsələn, H.Əliyev, Nobel və Moskva prospektində, Bakı-Sumqayıt yolunda, Salyan şosesində bu zolaqlar əks oluna bilər. Neftçilər prospektində belə zolağı hara çəkəcəklər? Neftçilər prospekti cəmi 3 zolaqlı yoldan ibarətdir. Danışıb hansısa ideya verəndə bir az məsuliyyətli ideyalar vermək lazımdır. Düşünürəm ki, yeni Bakı şəhəri salmaq daha asandır, nəinki avtobus zolaqlarının yaradılması”.

Yeganə Bayramova