Bakıda intihara qalxan adam xilas edildi - Psixoloq məsləhəti

“Canına qəsd etmək istəyən şəxslə söhbətlərin aparılmasında diqqətli olmaq əsasdır”
Azad İsazadə: “Əsas qayda budur ki, etiraz edən sözlərdən istifadə etmək olmaz. Həmin şəxsə “yox” sözünü demək düzgün deyil”


Paytaxtın Nəsimi rayonunda intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Nəsimi rayonunda 1 nəfər kişi üçmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Təbii ki, FHN-in tərkibində psixoloqların olması, onların xüsusilə bu cür həssas məqamlarda iştirak etməsi olduqca vacibdir. Bəs, intihar etmək istəyən şəxslərlə davranış necə olmalıdır?

Psixoloq Azad İsazadənin "Şərq”ə açıqlamasına görə, canına qəsd etmək istəyən şəxslə söhbətlərin aparılmasında diqqətli olmaq əsasdır. Hadisə yerinə cəlb olunan mütəxəssis insanın psixotipinə uyğun olaraq söhbəti qurmalıdır. Bu söhbətin qurulmasına isə psixodiaqnostika deyilir:

 "Bu, FHN əməkdaşlarının, o cümlədən psixoloqların həyata keçirdiyi ilk xilasetmə əməliyyatı deyil. Mətbuatdan aldığım məlumata görə, bu il ərzində azı 3 belə hadisə olub. Təbii ki, orda çalışan mütəxəssislərin peşəkar olması vacibdir.
İntihar etmək istəyən şəxslə söhbət aparılmazdan öncə ona psixodiaqnostika qoyulur. Yəni deyilən sözlərə, davranışa, baxışlara görə qərar qəbul edilir və psixoloq nədən söhbət edəcəyini müəyyənləşdirir. Əsas qayda budur ki, etiraz edən sözlərdən istifadə etmək olmaz. Həmin şəxsə "yox” sözünü demək düzgün deyil. Onun dedikləri ilə razılaşmaq lazımdır. Biz razı deyiliksə belə, həmin şəxsi onunla razılaşdığımıza inandırmalıyıq. İntihar etmək istəyən şəxslə davranış üsullarından biri, məntiq üzərində yeni bir zəncir qurmaqdır. İnsanın hansısa səbəbi olur, o səbəbi özünə dərd edir və beynində hansısa məntiqi zəncir qurur. Həmin məntiqi zəncir onu intihar fikrinə gətirib çıxarır. Bu, pataloji bir məntiqi zəncirdir. Söhbət arası biz yeni, müsbət, pozitiv məntiqli zəncir qurmalıyıq ki, həmin şəxsi intihardan yayındıraq və sonra çıxış yolu axtarmağa başlayaq. Lakin ilk növbədə onun nə üçün intihar etmək istədiyini öyrənməliyik. İntihar hallarında yüz faizlik texnika yoxdur. Bütün hallarda psixoloq hadisəyə girişir və intihar etmək istəyən şəxsə təcili nəsə köməklik edə bilər. Nəticənin yüz faiz yaxşı olduğunu deyə bilmərik. Hansısa qaydalara riayət edəndə şans var ki, müvəqqəti olaraq şəxs intihar fikrindən yayınsın. Sözsüz ki, daha sonra onunla davamlı iş aparılmalıdır”.

Yeganə Bayramova