"Banklar əcnəbilərin əvəzinə yerli savadlı kadrları işə götürməlidir" - TƏKLİF




"Banklarda çalışan xarici vətəndaşların əvəzinə yerli savadlı kadrlar işə götürülməlidir".

Bunu Sherg.az-a "Bank Respublika"nın işdən azad etdiyi 67 işçinin taleyi barədə danışarkən  bank hüququ üzrə ekspert Əkrəm Həsənov deyib. 

Onun sözlərinə görə, hazırda tək bankların deyil, dövlət və özəl müəssisələrin işçi ixtisarları artmaqda davam edir: 

"Banklarda işçi sayı iqtisadi problemlərdən əvvəl də lazım olduğundan çox idi. İşə götürənlərin tanışlıq, qohumluq məsələləri də ön planda olduğundan ixtisarların siyahısı hazırda qabarıqdır. Banklarda ehtiyatlar hər zaman olduğu üçün devalvasiyanın təsirləri, əmanətlərin azalması, kredit problemləri genişlənməsi sonradan ixtisarların artırılmasını zəruri edir. Ümumiyyətlə, hansı sahədə olmasından asılı olmayaraq, işsizlik ciddi problemdir. Nəzərə almalıyıq ki, xüsusilə iqtisadi çətinlik dövründə bankirlərin sonradan işə düzəlməsi problemli olur. Adi vətəndaşlar başqa işlərdə çalışmağa zəhmətlə səy göstərirlər. 

Lakin bankirlərin əksəriyyəti yalnız maliyyə sahəsində işləyə bilirlər. Üstəlik onların çoxu yüksək maaşla işlədiyinə görə, sonradan az əməkhaqqına qane olmurlar. Belə hallarla çox qarşılaşmışam ki, aşağı statuslu iş tapan şəxslər sonradan gileylənir. Qeyd etmək lazımdır ki, Bank sistemində işləyən və hazırda işsiz qalan kifayət qədər savadlı şəxslər də var. Düşünürəm ki, dövlət bu məsələyə diqqətlə yanaşmalı, həmin insanların dövlət strukturlarında təcrübəsindən faydalanmaq üçün layihələr hazırlamalıdır. Diqqət etmək lazımdır ki, bank sistemində çalışan xarici vətəndaşlar da çoxdur. Bunun əksinə miqrasiya haqqında qanunda göstərilir ki, xarici vətəndaşların işləməsinə yerli işçi qüvvəsi olmadığı halda icazə verilir. Banklarda bu qədər insanın işsiz qalması bu sahədə yerli potensialın mövcud olduğunu sübut edir”.

Ekspert əlavə edib ki, bu sahədə islahatlar aparılmalı, xarici vətəndaşların iş icazəsi aradan qaldırılmalıdır:" Boş qalan yerləri yerli savadlı vətəndaşlar tutmalıdır".

Qeyd edək ki, bu il kütləvi hal alan bank sahəsində ixtisarların genişlənməsi hələ də davam edir. "Bank Respublika" ASC-nin də işçilərini sayında azalma müşahidə olunub.

Aysel Aslan