"... Banklarda kredit faizləri aşağı enəcək” - AÇIQLAMA

"Banklara vergi güzəştləri edilsə, kredit faizləri aşağı enəcək”
Bunu "Sheg.az”a bankların vergi dərəcələrinin azaldılması təklifini dəyərləndirərkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən bankların əksəriyyətində vəziyyət o qədər də ürəkaçan deyil:
"Bankların xərci çoxdur və onların azaldılmasına ehtiyac var. Bu mənada düşünürəm ki, indiki halda vergi güzəştlərinin təyin edilməsi bankların müəyyən xərclərinim azaldılmasına şərait yaradacaq. 
Həmçinin də onların inkişafına müsbət təsir göstərəcək. Belə bir addımın atılması bankların kredit faizlərini azaltmasına gətirib çıxara bilər. 
İndiki dövrdə vətəndaşlar və bankların arasında müzakirəli məsələ faiz dərəcələrinin yüksək olmasıdır. Məncə, vergi güzəştlərinin təyin edilməsi bankların xərclərini mümkün qədər azaldacaq. Bu da öz növbəsində kredit faizlərinə təsir göstərəcək. Hazırda ölkədə bank sisteminin sağlamlaşdırılmasına çox böyük ehtiyac var. Elə bu vergi güzəştlərinin təyin edilməsini banklarımızın sağlamlaşdırılması istiqamətində atılan əhəmiyyətli addımlardan biri kimi qiymətləndirmək olar”.
Qeyd edək ki, banklara vergi dərəcələrinin azaldılması təklif olunur. Kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur. Belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib. 
Kənan Eynuroğlu