Bankların bağlanması yaxşı hal deyil

Çünki nəticədə vətəndaşların vəsaitinin geri qaytarılmasında problemlərə gətirib çıxara bilər




Azərbaycanda 4 bankın fəaliyyəti dayandırılır. Buna səbəb həmin bankların kapitalının 50 milyon manatdan aşağı olmasıdır. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yanvar ayının hesabatında qeyd olunur. Mərkəzi Bankın tələblərinə görə, bankların birgə kapitalı 2014-cü ilin sonunda 50 milyon manat kimi müəyyənləşib.

Məsələni şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov isə Mərkəzi Bank qarşısında öhdəliyini yerinə yetirməyən banklara bir az vaxt verildiyini düşünür. Onun sözlərinə görə, bu banklardan bəziləri öz qiymətli kağızlarını səhm bazarında yerləşdirməyə cəhd göstərir: "Düşünürəm ki, mövcud vəziyyətlə əlaqədar banklara öz məcmu kapitallarını 50 milyon dollara kimi artırmaq üçün vaxt verilib. Hazırkı məqamda o bankların bağlanması Mərkəzi Bank üçün də xoşagəlməz hal olacaq. Çünki bankların bağlanması nəticədə vətəndaşların vəsaitinin geri qaytarılmasında problemlərə gətirib çıxara bilər. Vətəndaşların banklardakı əmanətlərinin artması MB üçün də problemlər yaradacaq. Buna görə də ola bilsin ki, banklar Mərkəzi Bank qarşısında kapitallarını artırmaqla bağlı öhdəliklər götürüblər”.

Ekspert hesab edir ki, kapitalları 50 milyondan aşağı olan banklardan biri Deka Bank, digəri isə Euro Bankdır.

İqtisadçı-ekspert Samir Əliyev də bağlanma ehtimalı olan banklardan danışıb. Həmkarı R.Həsənovla eyni fikirdə olan ekspertin qənaətincə, Euro Bankın fəaliyyətini dayandırması ehtimalı daha böyükdür.

S.Əliyevin fikrincə, AzəriKreditBank və Pakistan Milli Bankı da bağlanma təhlükəsi ilə üzləşib. Ekspert Mərkəzi Bankın hesabatında qeyd olunan 4 bankın adının çəkilməməsinin səbəbini də izah edib. O söyləyib ki, bankların fəaliyyəti tam dayandırılmadığı müddətcə bu adları açıqlamaq o bankların reputasiyasına ziyan vura bilər. Qeyd edək ki, ötən ilin sonlarına yaxın mətbuatda bir neçə bankın kapitallarının 50 milyondan aşağı olmasına dair məlumatlar yer almışdı. Həmin banklar siyahısında AzəriKreditBank, Atrabank, Dekabank, Yunayted Kredit Bankın və BankAvrasiyanın adları yer alırdı. Məlumat üçün bildirək ki, Mərkəzi Bankın qərarına əsasən nizamnamə kapitalı 50 milyon manatdan aşağı olan bankların fəaliyyətinə xitam verilir.

Ayyət