Baş bankir yollar axtarır

Gecikdirilmiş kreditlərin ödənmə vaxtı uzadılır



Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlərə dair yeni qərar verib. Dəyişikliyə görə, gecikdirilmiş kreditlərin müddəti uzadılıb. Baş bankir Elman Rüstəmovun qərarına əsasən, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik təsdiq edilib.

Bununla yanaşı, hüquq departamentinə (R.Məlikova) tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin. Yeni qərara əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz”. Yeni dəyişiklik martın 7-dən etibarən qüvvəyə minib. Məlumat üçün bildirək ki, restrukturizasiya olunmuş aktiv fors-major vəziyyətdə rəsmiləşdirilmiş borc öhdəliyidir. Yəni, dəyişikliyə əsasən, gecikdirilmiş kreditlərin ödənilməsi müddəti uzadılıb.

Mərkəzi bankın qərarına aydınlıq gətirən iqtisadçı-ekspert Qadir İbrahimli "Şərq”ə açıqlamasında qeyd edib ki, 21 fevralda, manatın devalvasiyasından sonra insanların kredit ödənilməsində müəyyən çətinliklər yaranıb. Onun sözlərinə görə, dollarla kredit ödəyənlər ağır problem yaşayırlar: "Yəni dollarla ödəniş əvvəlki deyil, indiki kursla ödənilir ki, bu da müəyyən narazılıqlara yol açıb. Belə məsələlər kredit götürənlərdə problem yaradıb. Eyni zamanda manatla kredit götürənlər də çətinliklərlə üzləşiblər. Bu səbəbdən MB zərbəni müəyyən qədər lokallaşdırmaq məqsədilə müəyyən güzəştlərə gedir. Kreditlərin ödənilmə vaxtını uzadır. Müştərilərə şərait yaradılır ki, nəfəs ala bilsinlər. Krediti qaytarmaq haqqında resurslarını səfərbər etsinlər”. Qərarın əhəmiyyətinə diqqət çəkən ekspert hesab edir ki, bu, ciddi bir önəm daşımayacaq: "Hər halda müəyyən təsirləri ola bilər. Lakin yüksək dəyişikliklərə və ciddi dönüşə gətirib çıxarmayacaq”.

Ayyət Əhməd