Baş yazar Qarabağ İcmasının yeni sədrindən danışdı: "O, prosesə öz töhfəsini verəcək"





"Zaman keçdikcə hər şey yenilənir. Azərbaycanda da hər sahədə islahatlar aparılır”.

Bunu "Sherg.az”a açıqlamasında "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı deyib.

Baş redaktor bildirib ki, müxtəlif dövlət qurumlarında, hətta Qarabağ danışıqlarında belə yeni müstəvilər meydana çıxır. Bu mənada hər sahədə gəncləşməni müsbət qiymətləndiririk: 

"Mən Tural Gəncəliyevi tanıyıram, kifayət qədər təcrübəsi olan adamdır və bir neçə xarici dil bilir. Xarici İşlər Nazirliyində fəaliyyət göstərdiyinə görə, çox güman ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da məlumatlıdır. Düşünürəm ki, o, prosesə öz töhfəsini verəcək. Əlbəttə, bəri başdan dəqiq nəsə söyləmək mümkün deyil. Nəzərə alaq ki, bu kimi məsələlərdə yalnız gənclərin enerjisi kifayət etmir. Həmçinin, yaşlı nəslin nümayəndələrinin təcrübəsindən də istifadə etmək lazımdır. Nə deyə bilərik? Uğurlar arzulayırıq. Əgər icmanın bizimlə bağlı tapşırığı olarsa, media nümayəndəsi kimi icra etməyə hazırıq. Arzu edərdik ki, bu dəyişiklik problemlərin həlli istiqamətində müsbət nəticə versin”.

Qeyd edək ki, dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirilib və quruma yeni sədr seçilib. Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri olub. Bununla da Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik edən Bayram Səfərov tutduğu postdan uzaqlaşıb. İcmanın 23 nəfərdən ibarət yeni idarə heyəti də təsdiq edilib. Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov və Asif Cahangirov icra heyəti sədrinin müavinləri vəzifələrini tutublar. 68 yaşı olan Səfərovu daha gənc və indiyə qədər ictimaiyyətə elə də tanış olmayan Gəncəliyevin əvəzləməsi maraqla qarşılanıb. İctimaiyyət nümayəndələri yeni təyinatın heç olmasa bundan sonra qurumun ictimai-siyasi fəaliyyətində dönüş yaradacağına ümid etdiyini deyiblər

İsmayıl