İl boyu işləyən insanlar dincəlmək məqsədilə yay aylarının gəlməsini səbirsizliklə gözləyirlər. İstirahəti isə müxtəlif məkanlarda, fərqli şəkildə təşkil etmək mümkündür. Yəni hər kəs cibinə uyğun istirahət guşəsi seçir.
Maraqlıdır, görəsən bu anomal istilərin hökm sürdüyü şəraitdə media kapitanlarımız yay tətili harada və necə dincələcəklər ?
Sorğumuza ilk olaraq cavab verən "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı havaların həddindən artıq isti keçməsinə baxmayaraq, yay aylarında istirahət etməyəcəyini söylədi:"Bütün yayı Bakıda, işdə olacağam. İstirahətlə bağlı planlarım yoxdur”.
Qısa müddətlik istirahətə yollanan "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə doğulduğu kənddə dincəlmək fikrindədir:"Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunun Saltaq kəndində istirahət edəcəyəm. Mənim üçün dünyanın ən rahat, əlverişli istirahət məkanı elə doğulduğum kənddir. Xaricə getmək fikrim isə ümumiyyətlə yoxdur. Hesab edirəm ki, bütün Azərbaycan istirahət üçün idealdır və xaricə getmədən vətənimizdə yaxşı dincəlmək olar”.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də yay ərzində qəzetdən, işindən ayrılmaq fikrində olmadığını diqqətə çatdırıb:"Yay istirahətini də elə işdə və ya ailəmlə birlikdə evimdə keçirəcəyəm. Planım budur. Bakıdan ayrılmaq fikrim isə, ümumiyyətlə, yoxdur”.
"Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı da bir çox həmkarı kimi hələlik istirahət haqqında düşünmədiyini söyləyib. Baş redaktor bildirib ki, tətilə çıxsa da, bu, çox güman avqust ayına təsadüf edəcək:"İşlərimiz kifayət qədər çox olduğundan hələlik harada, necə və nə vaxt istirahət edəcəyimi dəqiqləşdirməmişəm”.
"İstirahət üçün xarici ölkələri, yoxsa Azərbaycanın bölgələrini daha üstün tutursunuz” sualına gəlincə, A.Camalqızı deyib ki, işi ilə əlaqədar xaricə istirahətə gedə bilməyəcək:
"Adətən istirahət dedikdə, mobil telefonu söndürməyi, işdən, ətrafdan təcrid olunmağı başa düşürəm. Bu baxımdan xaricdə istirahət etməyi çox istəyərdim. Təəssüf, işimiz elədir ki, tamamilə uzaq qalmaq mümkün olmur. Hətta işdə olmasaq belə, işləməli, xəbər, məlumat yerləşdirməli oluruq. Ona görə, bir müddət işdən, ofisdən uzaqlaşıb, rahat dincələ bilmirəm. Bilirsiniz, xüsusilə, onlayn mediada çalışanlar üçün sözün əsl mənasında dincəlmək mümkün deyil”.
Xarici ölkələrə istirahət üçün vaxt tapmayan baş redaktorlarımızdan biri də "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlıdır. O, müxtəlif layihələrin olduğunu vurğulayıb, işlərinin çoxluğundan şikayətlənib:"Ona görə, ölkə daxilində, özü də həftə sonları istirahət etməyə çalışıram. Ya da avqust ayında bir aylıq məzuniyyət götürəcəyəm. Yəqin ki, bu məzuniyyət də ölkə daxilində keçəcək”.
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da işləyərək, istirahət edən baş yazarlardandır:"Hələ heç bilmirəm, yay istirahətini keçirəcəyəm, ya yox. Alınsa, yəqin ki, evdə dincələcəyəm. Amma çox güman ki, işdə olacağam. Uzağı bir həftə taym-aut götürüb, evdə dincələ bilərəm”.
"Moderator.az” saytının redaktoru Seymur Əliyev isə deyib ki, ümumiyyətlə, işdən vaxt tapıb, istirahət haqqında düşünə bilmir:"İstirahətlə bağlı hələlik heç nə düşünmürəm. Çox güman ki, düşünməyə işdən vaxt da tapa bilməyəcəyəm. "Moderator.az”ın işçi heyəti çox azdır və işimiz gərgindir. Ona görə, əvvəlki illərdə olduğu kimi bu yay da ancaq saytla məşğul olacağıq. İstirahət üçün harasa getmək imkanımız və vaxtımız olmayacaq”.
Bu il məzuniyyət planlaşdırmayan növbəti media nümayəndəsi isə "Ölkə.az” baş redaktoru Hikmət Həsənovdur:"Mən də əksər baş redaktorlarımız kimi istirahəti işdə keçirəcəyəm. Maksimum 2-3 gün Qəbələdə dincələ bilərəm”.
Aysel Aslan