Başıpozuq dəstənin dağıdıcılıq niyyəti: Milli Şura sivil qaydada mitinq keçirə bilmir
Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran, radikal müxaliflər zaman-zaman mitinqlər keçirmək üçün Bakı şəhər rəhbərliyinə müraciət ediblər. Hər dəfə də, paytaxt rəhbərliyi radikalların müraciətinə qanunauyğun şəkildə cavab verib, tədbirlərini keçirmək üçün yer ayırıb. Hökumət söz azadlığına riayət edərək, sərbəst toplaşmaq azadlığını tanıyaraq bu addımı atıb. Azsaylı tərəfdarları ilə tədbir keçirmək istəyən Milli Şura demək olar ki, hər aksiyada qanunu pozmağa cəhd göstəriblər. Söz azadlığı, sərbəst toplaşmaq azadlığı o demək deyil ki, qanunları pozasan, ictimai asayişə xələl gətirəsən. Azərbaycan kifayət qədər qanunlarla idarə edilən sabit bir ölkədir. Xalq üçün də ən əsas məsələ sabitlik, əmin-amanlıqdır. Amma bəzi xarici qüvvələrin təsir dairəsində olan daxili qüvvələr həmin havadarlarının göstərişi ilə, Azərbaycanda qarışıqlıq, təxribat törədərək bu sabitliyi pozmağa cəhd göstəriblər. Çünki həmin xarici qüvvələr Azərbaycanın müstəqil siyasətini, sabitlik adası olmasını həzm edə bilmirlər.
Milli Şuranın sonuncu mitinqində sabitliyi pozmağa cəhd özünü daha qabarıq göstərdi. Belə ki, yanvarın 19-da keçirilən mitinqdən sonra, yanvarın 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçıları başıpozuqluq nümayiş etdirərək, dediklərimizi təsdiq etmiş oldular.
Xalq gördü ki, bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar. Bu gün AXCP sədri, faktiki olaraq Milli Şuranın da sədri funksiyasını daşıyan Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur.
Görəsən Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necədir? Mətbuata açıqlamalarında digər müxalif partiya funksionerləri Kərimlinin bu hərəkətinin düzgün olmadığını, özünü tək güc sayması iddiasının absurdluğunu söyləyirlər. Bildirirlər ki, Kərimli özbaşına özünü müxalifətin lideri saya bilməz. Bu haqqı ona müxalif cameə tanımır, tanımayacaq da.
Mitinqdə və ziyarət zamanı dağıdıcılığa meyillilik göstərən, hər fürsətdə sabitliyi pozmaq üçün addımlar atan bu şəxsə təbii ki, xalq inanmır, inanmamalıdır.
Cəmiyyət - ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, Kərimlinin necə aferistlik etdiyini anlamalıdır, bu adamın və ətrafına toplanan azsaylı tərəfdarlarının zamanında da, indi də hansı hoqqalardan çıxdığını bilməlidir, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidirlər.
Ortaya maraqlı bir sual da gəlir – axı radikallar niyə indi fəallaşıblar? Bu sualın cavabı o qədər də çətin deyil. Görünür ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki havadarları Azərbaycanın inkişaf etməsini, güclənməsini sinirə bilmirlər. Buna görə də, daxildəki marginallaşmış radikal azsaylı kəsimə təlimatlarını ötürürlər. Milli maraqlarını şəxsi maraqları kölgədə qoymuş bu radikallar da, həmin təlimatlara uyğun olaraq hərəkətə keçərək təxribat törətməyə cəhd göstərirlər.
Nəzərə almaq lazımdır ki, ölkədəki uğurlu struktur islahatları ilə yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində canlanma var. Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi bəllidir. Onlar qarışıqlıq yaradaraq, yeni şansların tükənməsinə çalışırlar. Çünki yenə də dediyimiz kimi, havadarlarından belə tapşırıq alırlar və canla-başla onu icra edirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Çünki xalq sabitliyin pozulmasını, xarici kəşfiyyat orqanlarının "əlinə oynayan” bir qrup şəxsin, radikal qüvvələrin dağıdıcılıq etməsini istəmir. İnsanlar dinc və firavan yaşayışlarının pozulmasını istəmədiyindən, dövlət qurumlarından bunun qarşısının alınmasını istəyirlər. Hökumət də həm xalqın istəklərinə nəzər yetirir, həm də milli maraqlarına zidd addımların qarşısını almaq üçün önləyici tədbir görür. Bu səbəbdən də kütləvi aksiyalara növbəti dəfə icazə verilmir.
Çox güman ki, Ə.Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə verəcək. Amma sual olunur, hakimityyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər. Təbii ki, bu hökumətin azsaylı radikallardan çəkinməsi yox, təxribat törətməyə cəhd edənlərin qarşısının alınmasıdır. Yoxsa ki, xalq hazırkı hakimiyyəti dəstəkləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğur qazanan, inkişafda olan Azərbaycanın milli maraqlarının yanındadır.
Anar