“Bizim camaat yaşı 22-ni keçən “ağıllı” qızlara “evdə qalmağı” bağışlamır”
“Başqası görən nə deyər?”
“Qəlibləşmiş fikirlər, stereotiplər çox zaman bizim həyatımızın gedişatını müəyyən edir”
“Bizim camaat yaşı 22-ni keçən “ağıllı” qızlara “evdə qalmağı” bağışlamır”
“Bizim camaat yaşı 22-ni keçən “ağıllı” qızlara “evdə qalmağı” bağışlamır”
"Əri tərəfindən döyülən, qayınanası tərəfindən danlanan gəlinlər adı "boşanmış”a çıxmasın deyə, bütün zülmlərə dözməlidir”
Günümüzün acı reallığından biri də "camaat nə deyər?” anlayışının insanları idarə etməsidir. Hər birimiz istəsək də, istəməsək də özümüzü bu yazılmamış qanunun prinsiplərinə əməl etməyə
məcbur hesab edirik. Ali məktəbə hazırlaşan abituriyentin seçəcəyi ixtisasla bağlı ilk düşüncəsi budur: "Görəsən, filan fakültəni yazsam, camaat nə deyər?”. Evdən çıxıb işə getməyə hazırlaşan qadınlar da "Görəsən, bu koftanı geyinsəm, saçımı da belə yığsam, camaat nə deyər?”- düşünür. Evlənmək ərəfəsində olan gənc oğlanlar:
"Görəsən, filankəsin qızını alsam dost-tanış haqqımda nə fikirləşər?”. Əslində onları qınamaq da olmur. Çox təəssüf ki, bizim "camaat”ın işi-gücü başqalarının həyatına müdaxilə etmək, onların atdığı hər addımı geniş müzakirəyə çıxardaraq dəyərləndirməkdir: "Gördün, filankəsin qızı bu gün nə geyinmişdi?”, yaxud da "Deyirəm, o oğlan da filankəsin qızını necə aldı ee” və s. və s... Bu cür misalların sayını çox uzatmaq olar. Zatən, atdığımız hər addıma "camaat”ın bir münasibəti var. Daha dəqiq desək, bizim bu "camaat”a heç nəyi bəyəndirmək olmur. Gülənə "dəli”, sakit dayanana "qaraqabaq” deyən insanlarla cəmiyyətdə yaşayırıq. Amma bu "camaat” kimdir, nəçidir dəqiq bilən yoxdu. Hər birimiz üçün "camaat” anlayışı fərqli kəsimi əhatə edir. Nəzərimizdəki başqaları bir növ qonşu, sinif yoldaşı, qrup yoldaşı, iş yoldaşı, dostlar, tanışlar, qohumlar, metroda və avtobusda gedən insanlar, səkidə hərəkət edən canlı bədənlərdir. Hansı ki, o bəndələrin fikirlərinə həddindən artıq dəyər vermək bəzən ciddi narazılıqlara, ailələrin dağılmağına və gənclərin gələcəyinin məhv olmasına gətirib çıxarır. Anasının "camaat nə deyər” sözünə görə gənc qızlar istəmədiyi biri ilə evlənməyə razılıq verir. Niyəmi? Çünki bizim camaat yaşı 22-ni keçən "ağıllı” qızlara "evdə qalmağı” bağışlamır. O da əgər qız ali təhsil alırsa. Yox əgər orta məktəbdən sonra təhsilini davam etdirməyəcəksə, məktəbi bitirən ilin payızına qədər birini "tapıb”, başını bağlamaq lazımdır. Bir az yaş üstünlüyü ilə oğlanlarımız da eyni təzyiqlərə məruz qalır. Məsələn, bizim camaatın "kişi ağlamaz” deyə bir "müdrik” kəlamı var. Ailə həyatı yolunda getməyən, hər Allahın günü əri tərəfindən döyülən, qayınanası tərəfindən danlanan gəlinlər adı "boşanmış”a çıxmasın deyə, bütün zülmlərə dözməlidir. Çünki bizim "camaat” boşanmış qadınları doğru yolun yolçusu hesab eləmir.
Bax, bu kimi dedi-qodulardır evimizi yıxan, arzularımızı elə ürəyimizdəcə puç edən. Biz "camaat nə deyər” stereotipinə özümüzü o qədər kökləmişik ki, ürəyimizdən keçənləri nəinki reallaşdırmağa hətta beynimizdən keçirməyə belə qorxuruq. İçimizdəki "mən”i məhv edib, başqaları üçün yaşayırıq. Doğrudur, başqaları nə deyər sözünə ictimai qınaq müstəvisindən yanaşdıqda özümüzü tərbiyələndirə bilirik. Amma insan pis əməldən ictimai qınağa tuş gəlmənin qorxusundan deyil, o işlərin pis olduğunu dərk etdiyindən çəkinməlidir. Hamımız dəyişirik, fikirlərimiz, düşüncələrimiz gündən-günə fərqliləşir. Bu səbəbdən əgər "kim nə deyər” üzərinə bir həyat qursanız, insanların dəyişmə sürətinə çatmaya bilərsiniz. Ən yaxşısı özünüzü əsas almaq, öz sürətinə görə yaşamaqdır. Nə edirsən et, necə davranırsan davran etdiklərini bəyənməyən, dəyişdirmək istəyən bəziləri olacaq. Sən özünü xoşbəxt eləməyə çalış! Təbii ki, dəyərli olan insanlarla hər hansı bir qərarı müzakirə etmək və məsləhətlərdən yararlanmaq kimi hallar istisnadır.
Problemin maraq doğuran tərəfi odur ki, niyə insanlar "camaat” üçün yaşayır? Və yaxud da ətrafdakıların fikrinə nə dərəcədə diqqətlə yanaşmaq lazımdır?
...”başqaları nə deyər” - deyə yaşayan insan heç vaxt xoşbəxt ola bilməz
Psixoloq Gülnarə Əliyevanın qənaətincə, insan hər şeydən əvvəl ictimai varlıq olduğunu unutmamalıdır. Onun sözlərinə görə, biz cəmiyyət içərisində varıq və varlığımızı qorumaq üçün çox vaxt cəmiyyətdəkilərin qoyduğu qayda-qanunlarla yaşayırıq. Bu qayda-qanunlar, qəlibləşmiş fikirlər, stereotiplər çox zaman bizim həyatımızın gedişatını müəyyən edir. Düşünülür ki, bu qəliblər illərlə el süzgəcindən keçib və bundan kənara çıxmaq, sadəcə ağılsızlıqdır. Elə ona görə də insanlar başqalarının nə düşündüyünə bu qədər önəm verir. Əslində hər insanın daxilində digər insanlar tərəfindən qəbul görmə, təsdiqlənmə və hörmətlə qarşılanma istəyi var. İnsanoğlu digər insanlar tərəfindən qəbul görmüş hərəkət və davranışları "təqlid”etməyi daha asan və qəbulolunan hesab edir. Beləcə biz başqalarının əsirinə, kuklasına çevrilirik. Başqa bir beyin bizim yerimizə düşünür. Amma bir şeyi unutmamaq lazımdır ki, illərlə, əsrlərlə qəbul olunmuş stereotiplər də zamanla qırılır. Zaman dəyişir, həm də çox sürətlə. İnsanlar çox şeyi dünən düşündüyü kimi düşünmür. Adi bir misalla izah etmək gərəkirsə, qeyd edim ki, əvvəllər qızların oxumağı qəbul olunmurdu, amma indi atalar oğul övladından çox qızlarının oxumağını istəyirlər. Əlbəttə, bu problem tam həllini tapmayıb zamanla aradan qalxacağına əminəm”.
Psixoloqun sözlərinə görə, insan sonradan peşmanlıq yaşamasın deyə sadəcə öz düşüncəsi, məntiqi ilə hərəkət etməlidir: "Bizim həyatımız bizim seçimlərimizdən ibarət olmalıdır. Daxili aləmimizi, istəklərimizi, xəyallarımızı bizdən yaxşı heç kim bilə bilməz. Hamını qane edə bilmərik, başqaları nə deyər deyə yaşayan insan heç vaxt xoşbəxt ola bilməz. Bill Cosbinin də dediyi kimi: "Müvəffəqiyyətin sirrini bilmirəm, amma müvəffəqiyyətsizliyin yolu hamını məmnun etməyə çalışmaqdan keçər”. Amma bu danışdıqlarımız o demək deyil ki, insan yalnız özü üçün, komplekssiz yaşamalıdır. Xeyr! "Məsləhətli don gen olar” deyib atalarımız. Müəyyən bir qərar verərkən təcrübəsinə güvəndiyimiz insanların məsləhətindən yararlanmalıyıq, onların tənqidini nəzərə almalıyıq. Lakin yenə son qərarı özümüz verməliyik. Çünki insanlar həmişə yaşadıqları təcrübələrlə məsləhət verirlər. Halbuki sizin təcrübəniz fərqli ola bilər, düşdüyünüz vəziyyətdəki cüzi dəyişkənlik fərqli nəticələr, təcrübələr ortaya çıxarda bilər. Ona görə çalışın səhviniz də, düzünüz də sizə aid olsun. Əmin olun, səhvlərdən qazandığınız təcrübələriniz sizin xəzinəniz olacaq. Başqaları nə deyər yerinə bu qərar həyatıma necə təsir edəcək deyə düşünmək lazımdır.
"İnsan sadəcə vicdanının səsinə qulaq asmalıdır”
Sosioloq Əhməd Qəşəmoğlu isə bu məsələnin həqiqətən də müzakirəsinə ehtiyac olduğunu düşünür. Onun qənaətincə, başqalarının nə deyəcəyi insanlar üçün qanun rolu oynamamalıdır. Amma bununla belə ictimai rəyi də heçə saymaq olmaz.
Sosioloqun sözlərinə görə, avamlıq, cəhalət bəzi insanlarda o hissi yaradır ki, atdığı hər addım başqaları tərəfindən qınanılacaq: "Belə düşüncəyə sahib insanlar özlərinə məhdudiyyətlər qoyurlar və potensiallarından düzgün istifadə edə bilmirlər. Ömrünü "qohum belə deyər, qonşu elə deyər” çərçivəsində keçirən insanlar bir şəxsiyyət olaraq formalaşa bilmirlər. Onlar öz həyatlarını qorxa- qorxa, sadəcə icraçı olaraq yaşayırlar. Bütün bunlar isə mənfi tendensiyalara yol açdığı üçün başqalarının fikirlərinə aşırı əhəmiyyət verməyi düzgün hesab etmirəm. Amma ictimai rəyi nəzərə almadan, saymazyana bir həyat tərzi sürən insanlar da düzgün etmirlər. Biz bir fərd olmaqdan əlavə, həm də sosial varlığıq. Həyatın yazılmış və ya yazılmamış qaydaları ilə razılaşmalıyıq. Mən başqalarının fikirlərinə önəm vermirəm deyib, küçəyə köynəksiz çıxmaq insanın öz həyatını yaşaması demək deyil, bu artıq tərbiyəsizlikdir. Hər bir insan mədəni cəmiyyət normalarına əməl etməli və başqalarının həyatına müdaxiləyə yol verməməlidir. İnsan sadəcə vicdanının səsinə qulaq asmalıdır. İctimai rəyə çox həssas yanaşan insanlar hər hansı bir iş görəndə düşünürlər ki, görəsən, qonşular, qohumlar, tanışlar nə düşünər. Bu cür xarakter bəzən səhv addımların qarşısını alsa da, insanın şəxsi problemlərinin həllinə, işdə irəliləməyə mane olur. Özünü cəmiyyətdə fərd kimi təsdiq edən insanlar isə bəşəri qaydalara zidd olan hərəkətlər istisna olmaqla həyatlarını yaşamalı, arzularının arxasınca getməlidirlər. Bu, o demək deyil ki, onların heç nə vecinə deyil. Sadəcə, onlar haqlı olaraq öz addımlarını başqalarının fikirləri ilə uyğunlaşdırmağı lazım bilmirlər”.
Başqalarına görə qurulan həyat əsil işgəncədir
Yazar Cəlil Cavanşir isə hesab edir ki, Azərbaycan cəmiyyətində daşlaşmış stereotiplərdən biri də "başqası nə deyər” fikridir: "Başqalarının fikirlərinə bu qədər önəm verməyimizin, başqalarına görə həyatımızı qurmağımızın əsas səbəbi cahillik, savadsızlıq və mentalitetimizin basqısıdır. Savadlı, dünyagörüşlü insan başqalarının fikirlərinə bir o qədər önəm vermir, öz həyatını yaşayır. Başqalarına görə həyat qurmaq, başqalarına görə yaşamaq böyük səhvdir və sonrası böyük peşmanlıqdır. Şübhəsiz ki, bütün bunlar bizim həyatımıza mənfi təsir edir. Öz arzularımızı yaşamaqdan çəkinməyimiz gələcəyimizi təhdid edir. Başqalarına görə qurulan həyat əsil işkəncədir. Stereotipləri qırmaq üçün oxumaq, mədəni səviyyəni inkişaf etdirmək, cəsarətli və açıqfikirli olmaq lazımdır”.
Şəymən