Bazara erkən çıxarılan qarpızlar təhlükəlidir

Tez yetişdirmək üçün ona nitrat maddəsi vururlarBu da qara ciyər serrozu, mədə-bağırsaq xəstəlikləri, böyrəklərdə duz yığılması, öd kisəsinin fəaliyyətinin pozulması, hətta əsəb gərginliyinə də gətirib çıxarır
Yayın vazkeçilməzi qarpız dadlı, ləzzətli olduğu qədər də, təhlükəlidir.
Son günlər qarpızdan zəhərlənmələrin sayının artması da bunu sübut edir. Qarpız Azərbaycan insanının ən çox sevdiyi və xüsusilə də yay aylarında qida rasionuna da ən çox daxil etdiyi bostan bitkisi olsa da, onunla necə davranmalı olduğunu təəssüf ki, az adam bilir. Və ya, buna əhəmiyyət vermirlər. Sonuc isə, bəzən fəlakətli olur. Zəhərlənmə ağır olduqda, hətta ölümlə də nəticələnir.
Qarpız mövsümü - avqust?!
Uşaq vaxtından eşidirdik və görürdük ki, qarpız əsasən avqust ayında bazara çıxarılırdı. Camaat da qarpızı məhz həmin vaxt alıb həzmi-rabedən keçirirdi. Amma dünyada hər şey dəyişdi, qarpız da, o cümlədən. Həm də bu dəyişmə qarpız adlı sevimli meyvəni tam əhatə etdi. Qarpızın yetişdirilməsi də dəyişdi, dadı da, görünüşü də, bazara çıxış zamanı da. İndi iyun ayı başlayar-başlamaz qarpız bazarda özünə yer eləyir. Nəfsinə hakim olmayan insanlar da, onu alır. Daha düşünmür ki, iyun ayında qarpız yetişməz. Əgər "yetişibsə”, demək ki, sünidir. Kimyəvi maddələr, bolluca gübrə hesabına "yetişib”. Baxmayaraq ki, artıq iyul ayının ilk ongünlüyündəyik, qarpız artıq çoxdan satışdadır. Hardasa, iyun ayının əvvəlindən. Ancaq ekspertlər hesab edir ki, nəinki iyun, heç iyul ayı da əsl qarpızın yetişmə mövsümü deyil. Bu, iri, nəhəngliyi ilə uzaqdan insana "gəl-gəl” deyən qarpızın təhlükəli tərəflərini Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla çözməyə çalışdıq:
- Mövsümündən əvvəl bazarlara çıxarılan qarpızlar daha təhlükəlidir. Baxmayaraq ki, hazırda iyul ayıdır və bir çoxları belə hesab edir ki, artıq qarpızın yeyilmə vaxtıdır, təhlükə hələ də sovuşmayıb. Buna səbəbsə, qarpızın becərilməsində kimyəvi maddələrdən qədərindən artıq istifadə edilməsidir. Təhlükə hələ də qalmaqdadır və qarpız alarkən də, istifadə edərkən də hədsiz ehtiyatlı olmaq lazımdır. Problem bundadır ki, qarpız, eləcə də digər meyvə-tərəvəzin, bostan bitkilərinin tərkibində kimyəvi maddələrin olub-olmamasını xarici görünüşdən ayırd etmək mümkün deyil. Təbii ki, üzdən baxanda, xarici görünüşcə meyvənin tərkibi haqqında heç nə bilmək olmaz. Bunu ancaq xüsusi laborator müayinələr nəticəsində ayırd etmək mümkündür. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri bazar və yarmarkalarda belə müayinələr həyata keçirirlər. Amma onlar bütün satış məntəqələrində yoxlama apara bilməzlər. Faktiki bu, mümkün deyil.
Qarpızı təhlükəli edən maddə - nitrat
- Çalışmaq lazımdır ki, hər meyvəni öz mövsümündə yeyəsən. Azərbaycanın iqlim şəraitində qarpız təbii şəkildə iyunda heç vaxt yetişə bilməz. Əgər iyun ayında qarpız satışa çıxarılıbsa, deməli, onun yetişdirilməsində kimyəvi maddələrdən, hədsiz miqdarda gübrədən istifadə edilib, meyvə istixana şəraitində yetişdirilib. Bunu bilmək iki vur-ikidir. Dərd burasındadır ki, bizim camaat bazara daxil olan meyvə-tərəvəzin ağına-bozuna baxmır. Hə, bu bazarda satılırsa, deməli, alıb yemək olar, prinsipi ilə hərəkət edir. Sonra da zəhərlənirlər, xəstəxanaya düşürlər. Qarpızın "sezon”u avqust ayıdır. Çünki avqust ayınadək torpaq meyvəni öz hərarəti ilə yetişdirir. Havalar qızdıqca torpağın da hərarəti artır və meyvəni yetişdirəcək istiliyə malik olur. İyul ayında təbii yolla qarpız necə yetişə bilər? Heç aran zonasında da hərarət qarpız yetişdirmək üçün yetərli deyil.
E.Hüseynov bildirdi ki, qarpızı insan sağlamlığı üçün təhlükəli edən onun vaxtından əvvəl, kimyəvi maddələr hesabına yetişdirilməsi və insanların da qarpızdan düzgün istifadə qaydalarını bilməmələridir:
- Vaxtından əvvəl bazara çıxarılan qarpızlar təhlükəlidir. Ötən illərdə çoxlu analizlər aparılıb və təcrübə göstərir ki, mövsümdə yetişdirilən qarpızın 100-dən 20-də zərərli maddələrin miqdarı çox olursa, vaxtından əvvəl bazara çıxarılan qarpızlarda isə 100-dən 40-da, ya 50-də olur. Qarpızın tez yetişdirilməsi üçün ona nitrat maddəsi vurulur. Bu da qara ciyər serrozu, mədə-bağırsaq xəstəlikləri, böyrəklərdə duz yığılması, öd kisəsinin fəaliyyətinin pozulması, hətta əsəb gərginliyinə də gətirib çıxarır.
Ağ-sarı tellər təhlükədən xəbər verir
Bəs alıcı nəyə diqqət etməlidir? E.Hüseynov bəzi nüansları açıqladı:
- Ən əsas alıcı gərək fikir versin ki, bu meyvə-tərəvəz təzədir, yoxsa köhnə. Köhnə meyvə elə görünüşündən də bilinir. Büzüşmüş olur, bəzən böyründə-başında çürüyü olur. Məsələn, qarpızda bunu etmək daha da asandır. Birincisi, qarpızı seçərkən ona çırtma vurmaqla içinin yetişmiş və ya kal olduğunu anlamaq olur. Çırtma vurulanda qarpızdan dolu səs çıxmalıdır. Sanki içi dolu küpdür. Qarpız kəsilərkən içindəki tellərin rənginə diqqət edilməlidir. Qarpızın içində ağ-sarı tellər az olmalıdır. Ağ-sarı tellərin çoxluğu qarpızın yetişdirilməsində kimyəvi maddələrdən çox istifadə edildiyini göstərir. Yaxşı, sağlıqlı qarpızın rəngi şəffaf qırmızı olmalıdır. Bəzən qarpızı kəsəndə görürsən ki, içi damar-damardı. Bu da ziyanlıdır. Və məhsulun kimyəvi müdaxiləyə çox məruz qaldığını göstərir. Bir də vətəndaşlar qarpız kəsərkən onun tağ hissəsini geniş kəsib götürsələr, təhlükəni azaltmış olarlar. Çünki qarpızın tağ hissəsi zərərli maddələrin ən çox yığıldığı sahədir. Nahaqdan məişətdə qarpızı yeyərkən tağ hissəsini kəsib 4 bölüb başlarının üstündən atmırlar. Ötəri baxanda bunu çox adam bir "fal” kimi qəbul edir, amma əslinə varanda, görürsən ki, bunun özündə bir hikmət, bir məna var. Meyvə-tərəvəzi uzun müddət soyuducuda saxlayıb sonra yemək də ziyanlıdır. Çox adam elə soyuducunun "badına gedir”. Hava istidir deyə, meyvələri soyuducuda soyudur, sonra da boş mədəyə bu soyuq meyvələri doldururlar. Belədə əlbəttə qarın da ağrıyacaq, mədə də. Qarpız yaxşı olar ki, uzaqbaşı yarım saat soyuducuda saxlansın, sonra yeyilsin. Qarpızı uzun müddət soyuducuda saxlamaq qətiyyən olmaz. Soyuducunun özündə müxtəlif tərkibli qazlar olur ki, bunlar da qidaya keçə bilər və insana həyatı üçün təhlükə törədər. Meyvə-tərəvəzi yüngülvari sərintlətmək yetərlidir. Ümumiyyətlə, alıcı meyvə-tərəvəzin təzə olduğunu hiss etməlidir. Ətrindən, qabığının tər olmasından və sairədən. Bəzən səhər alınan gilas, albalı axşamüstü görürsən xarab olmağa başlayır. Deməli, tərkibində kimyəvi maddə çoxdur. Bütün meyvə-tərəvəzlər evə gətirildikdə yaxşı-yaxşı yuyulmalıdır. Yuyulma prosesi də təhlükəni azaldır. Qarpızı yemək qəbulundan dərhal sonra yemək ziyanlıdır. Çünki qidanın mədə tərəfindən həzm olunma vaxtı uzana bilər. Xörəyin üstündən yeyilmiş qarpız isə mədədəki qidanın üzərində yığılıb qalır, nəticədə qıcqırma prosesi başlayır, həzm olunmayan qarpız turşuyur və mədədə ağırlıq əmələ gəlir, bağırsaqların fəaliyyəti pozulur, qarın ağrıyır, ishal halları başlayır. Diskomfort yaranır. Hətta qusma halları da olur. Bəzən belədə, insanlar qarpızın zəhərli, xarab olduğunu düşünür. Bu da mümkündür, amma eyni zamanda qidalanma qaydalarının pozulması da böyük təsir göstərir. Dədə-babadan görmüşük ki, qarpızı ayrıca, ya günorta, ya axşam saatlarında pendir-çörəklə yeyərdilər. Bu zaman mədə başqa qida qəbul etməzdi. Çoxumuz bu qaydaları unutmuşuq, yeməyin üstündən, dərhal meyvə-tərəvəz, qarpız-yemiş qəbul etmək ziyanlıdır. Ən azı 1 saat vaxt keçməlidir ki, əvvəlki qida həzm olunsun, sonra meyvə-tərəvəz yeyilsin. Qarpızı ac qarına - boş mədəyə qəbul etmək daha xeyirlidir. Belədə meyvə mədə tərəfindən tez həzm olunur, faydalı maddələr də orqanizmə paylanır.
Məlahət Rzayeva