Bazarda keyfiyyətsiz spirtli içkilər var

Azərbaycanda da hər ay 4-5 nəfər araqdan zəhərlənir



Ölkəmizə Rusiyadan və digər xarici ölkələrdən idxal olunan alkaqollu içkilərin müəyyən normalara uyğun gəlməməsi narahatlıq yaratmaqdadır. Artıq bu məsələ ciddi təhlükə mənbəyinə çevrilib. Əksər hallarda spirtli içkilərin saxlanma müddətinin dəyişdirilməsi bir sıra problemlərə səbəb olur.

Belə ki, ölkəmizdə spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir. Şöbə müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib ki, spirtli içkilərdən əsasən, araqdan zəhərlənən vətəndaşların sayı çoxdur: "Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyəsində ağrılar meydana gəlir”.

Bundan əlavə Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 41 nəfərə çatıb. Ölkəmizə daha çox Rusiyadan spirtli içkilər idxal olunur. Görəsən, xarici ölkələrdən gələn alkaqollu içkilər ölkəmiz üçün nə dərəcədə təhlükəlidir?

Xaricdən gətirilən əksər içkilərin vətəndaşlarımız üçün təhlükəli olduğunu təsdiq edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhalinin çox diqqətli olmasını vurğulayıb: 

"Əmlak bazarında ən riskli sektor spirtli içkilər sektorudur. Əhali araqların satış şəbəkəsinin saxlanma müddətinin bir ildən, konyakların üç ildən, şərabların isə 6 aydan artıq olmadığından xəbərsizdir. Biz monitorinqlər aparmışıq və təxminən 95 faiz spirtli içkilərin etiketlərində buraxılma tarixinin son yararlılıq müddəti yoxdur. Bu o deməkdir ki, spirtli içkilər kifayət qədər ağır detallarla zənginləşir və vaxtı keçmiş spirtli içkilər əhaliyə verilir. Həmçinin xaricdən ölkəmizə idxal olunan bu cür vaxtı keçmiş spirtli içkilər də satışda olur. 10 il qabaq Kənd Təsərrüfatı Nazirliyinə təklif etdik ki, KİV-nin, ictimai təşkilatların, dövlət orqanlarının iştirakı ilə bir komissiya yaradaq. Bu komissiya şəffaf, aydın olsun və hər şeyi dəqiqliklə ortalığa qoyaq. Bizim bu təklifimizdən sonra Kənd Təsərrüfatı Nazirliyi belə komissiya yaratdı, lakin bu komissiya qapalı oldu. Bu gün də o komissiya qeyri-şəffaf fəaliyyət göstərir. Rusiyadan və digər ölkələrdən gələn spirtli içkilərin Azərbaycan vətəndaşları üçün təhlükəli olması istisna olunmur. Səhiyyə Nazirliyi bu məsələdə ölüm olsa belə, bunu gizlədəcək. Çünki bütün mallara Səhiyyə Nazirliyi gigiyenik sertifikat verir. Nazirlik həmçinin, spirtli içkilərdən guya ildə bir dəfə ölüm hallarının olduğunu bildirib. Kütləvi istehsal malı ölkənin əmtəə bazarına daxil olduqda heç bir dövlət orqanının cəsarəti yoxdur ki, gömrük orqanının verdiyi sertifikatı təkzib etsin. Belə bir şərait olduqda isə təhlükəli içkilərin ölkəmizə daxil olması qaçılmazdır”.

Yeganə Bayramova