“Bazarımızı dəyişməliyik”

“Rusiya bizə hücum silahı verəndə ermənilərə də müdafiə silahı verir”



Rusiya tərəfi Azərbaycanın Ermənistana silah satışı ilə bağlı ünvanladığı notaya cavab verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva İrəvanla hərbi-texniki əməkdaşlığın öhdəliklərini yerinə yetirir. Zaxarova bəyan edib ki, onlar Azərbaycan tərəfinə diplomatik kanallarla lazım olan informasiyanı çatdırıblar:

"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir. Moskvanın Ermənistanla bir sıra müqavilələri var. İki ölkə həmçinin hərbi-texniki əməkdaşlığı da inkişaf etdirir. Biz bu əməkdaşlığı gizlətmədən açıq şəkildə həyata keçiririk. Bunun Azərbaycanda anlayışla qəbul ediləcəyinə ümid edirik. Rusiya tərəfdən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir”.

Rusiya tərəfinin reaksiyasını "Şərq”ə şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib ki, 1994-cü ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursatı pulsuz verib: "Bunu Rusiya Dumasının xarici işlər komissiyasının sədri, general Roxlinin araşdırması üzə çıxardı. O dövrdən etibarən Rusiya mütəmadi olaraq Ermənistanı silahlandırır. Son dönəmlərdə Azərbaycan böyük məbləğdə pullar sərf edərək Rusiyadan yeni hərbi texnikalar alıb. Erməni rəhbəri də durmadan Moskvaya şikayət edirdi ki, "Azərbaycan silahlanır, hərbi cəhətdən güclənir, ancaq biz geri qalırıq. Halbuki biz sizin müttəfiqinizik”. Nəticədə onların "arzusu” yerinə yetirildi. Sonuncu yardım da Rusiya XİN rəsmisinin dediyi kimi regionda balansı "qorumaq” üçündür”.

Politoloq bildirib ki, indiyə kimi balans müsbət mənada Azərbaycanın tərəfində idi. Ancaq Kreml həmin silahları Ermənistana da verməklə hər iki tərəfi bərabərləşdirməyə çalışır: "Əsas məsələ odur ki, Azərbaycan bu vəziyyətdən necə çıxmalıdır. Aydındır ki, Azərbaycan Rusiyadan aldığı müasir silahlarla bir növ Kremlin təsir dairəsi altına düşür. Çünki Moskva bizə verdiyi silahların sayını və xarakteristikasını bilir. Ona görə də Azərbaycanın üstünlük qazanmaması üçün Ermənistana da eyni silahları verir. Yəni bizə hücum silahı verəndə, ermənilərə də müdafiə silahı verir, ya da əksinə. Bu baxımdan biz siyasətimizi dəyişdirməli və Rusiyadan deyil, başqa ölkələrdən daha müasir silahlar almalıyıq. Onsuz da bu işə çoxlu pul sərf edirik, həmin pullara İsraildən, Türkiyədən və başqa ölkələrdən yeni və daha güclü silahlar ala bilərik”.

İsmayıl