BDU-nun professorundan ""Şərq"i oxu" abunə kampaniyasına DƏSTƏK...

Xəbər verdiyimiz kimi, dünən 23 illik tarixə malik "Şərq” qəzeti abunə kampaniyasına başlamaq qərarı verib. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. 
Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, aydınlar və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər. Belə ziyalılardan biri də Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist Cahangir Məmmədli olub. O "Fcebook" sosial şəbəkəsində Bakı Dövlət Universiteti (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının əməkdaşları adından "Şərq"i oxu" kampaniyasına dəstəyini bu cür göstərib: "
Biz "Şərq" qəzetini fakültəmizin doğma qəzeti hesab edirik. Onun bağlanma ehtimalı bizi çox narahat edir. Əminik ki, fakültəmizdən özümüzə doğma hesab etdiyimiz bu qəzetə xeyli sayda adam abunə yazılacaq, "Şərqi oxu" kampaniyasına qoşulacaqdır".
Qeyd edək ki, "Şərq” qəzetinə abunə olmaq istəyən şəxslər qəzetin Mətbuat prospekti 529-cu məhəllə, "Azərbaycan” Nəşriyyatının 7-ci mərtəbəsində yerləşən redaksiyasına gəlib abunə yazılaraq, öz dəstəyini göstərə bilər. Abunə yazılaraq həm qəzetçiliyin yaşamasına öz töhfənizi verər, həm də ölkədə oxu mədəniyyətinin inkişafına yardımçı olarsınız.
Ayyət Əhməd