Behbud xan Cavanşirin qətli - Qənirə Paşayeva və Akif Aşırlı kitab üzərində işləyir

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin həyatı, fəaliyyəti və erməni terrorçu Torlokyan tərəfindən İstanbulda qətli barədə kitab hazırlanır. Bu barədə "Şərq"ə araşdırmaçı yazar Akif Aşırlı məlumat verib.
"Hörmətli millət vəkili Qənirə Paşayeva ilə birgə bir müddətdir ki, Behbud xan Cavanşirlə bağlı sənədlərin toplanması və kitab üzərində çalışırıq. Türkiyə və Azərbaycanın arxiv sənədlərinə, mətbuat materiallarına söykənən bu kitab Behbud xan Cavanşirin erməni terror təşkilatlarının sifarişi ilə qətlə yetirməsinə işıq salacaq. Xeyli sayda arxiv məlumatları əldə olunub. B.Cavanşirin həyatı bu kitabda əksini tapacaq".
A.Aşırlı söyləyib ki, B.Cavanşirin qətli ilə bağlı Türkiyədə bir kitab işıq üzü görüb. Erməni terrorçu Torlokyanın məhkəmə stenoqramına əsasən nəşr olunan bu kitab hörmətli tədqiqatçı alim Vilayət Quliyev tərəfindən Azərbaycan türkcəsinə çevrilib, çap edilib. Q.Paşayeva ilə üzərində çalışılan bu kitab isə Torlokyanın həbsi, məhkəmə zalından azad olunması barədə Türkiyə mətbuatının yazdıqları, mühacir azərbaycanlıların xatirə və memuarlarına istinadən qələmə alınıb.
B.Cavanşirin İstanbuldakı məzarını ziyarət etdiyini söyləyən A.Aşırlı deyib: "Qənirə xanım İstanbulda B.Cavanşirin həyatı, qətli barədə konfrans təşkil edib. Azərbaycan ziyalılarının zaman-zaman erməni terrorunun qurbanı olduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün B.Cavanşirin qətli barədə kitab, film üzərində çalışmaq lazım olduğunu deyib. Bunun üçün də bir yerdə bu kitabın hazırlanması üçün çalışırıq".
A.Aşırlı deyib ki, yaxın zamanlarda kitab çap olunacaq.