Azərbaycanla imzalanan mühüm sazişlər, xüsusən yeni silah alınması ilə bağlı əldə edilən razılaşmalar İrəvanı qıcıqlandırıb
Ermənistanın baş naziri Nikol Paşinyan iddia edib ki, Belarusun Azərbaycana silah satması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının maraqlarına və əməkdaşlıq ruhuna ziddir. İrəvanın milli maraqlar məsələsində susmaq niyyətində olmadığını deyən Paşinyan bildirib ki, KTMT-nin bəzi üzvləri öz müttəfiqlik öhdəliklərinə əməl etmir: "Növbəti silah partiyası üç ay əvvəl tədarük edilib, amma bununla bağlı müqavilə çoxdan imzalanıb. Bütün bunlar KTMT-nin baş katibi Ermənistan nümayəndəsi olanda baş verib. Biz bu cür davranışı qınayırıq və bunu Ermənistanın milli maraqlarına yönələn addım sayırıq.
Belə davranışın KTMT-nin işinə mane olduğunu düşünürük”. Məlumat üçün deyək ki, Bakı və Minsk arasında Belarusdan növbəti hərbi texnikaların tədarükü ilə bağlı müqavilə imzalanıb. Hələ 2018-ci ilin yayında Belarus Azərbaycana "Polonez” raket sistemlərini satmışdı. Minskin bu addımı Ermənistanın kəskin reaksiyasına və təşvişinə səbəb olmuşdu. Göründüyü kimi, Azərbaycan-Belarus yaxınlaşması, xüsusən tərəflərin hərbi əməkdaşlığı Paşinyan hökumətini əməlli-başlı qorxuya salıb. Lakin çıxılmaz vəziyyətdə qalan erməni baş nazirin anlaşmaya etiraz etməkdən başqa əlindən bir iş gəlmir.
İrəvanın narahatlığını "Şərq”ə şərh edən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov vurğulayıb ki, Azərbaycan və Belarus arasında imzalanan mühüm sazişlər, xüsusən yeni silah alınması ilə bağlı əldə edilən razılaşmalar birmənalı şəkildə işğalçı Ermənistana zərbədir: "Belarus KTMT daxilində Ermənistana arxasını çevirdi.
Rəsmi Minsk yaxşı başa düşür ki, Azərbaycanla əməkdaşlıq etmək və müxtəlif sahələrdə əlaqələri gücləndirmək yoxsul Ermənistanla müttəfiq olmaqdan daha faydalıdır. Ümumiyyətlə, başqalarının yardımına möhtac olan Ermənistanla münasibət qurmaq heç bir dövlət üçün səmərəli deyil. Belarus mövqeyini açıq-aşkar düşmən ölkəyə hiss etdirdiyi üçün İrəvan təşvişə düşüb. Ermənistanı narahat edən ən mühüm məqam Belarusun Azərbaycana yeni silahlar satmasıdır. İrəvan hökuməti Belarusun bu addımını Ermənistan üçün təhdid hesab edir”.
Professorun sözlərinə görə, Azərbaycan-Belarus münasibətləri hərtərəfli inkişaf etməkdədir: "Şübhə yox ki, ikitərəfli əlaqələr bundan sonra yüksələn xətt üzrə gedəcək. Hər iki dövlət bunda maraqlıdır. Ermənistanın qane olub-olmaması heç bir rol oynamır.
Düşmən ölkə anlamalıdır ki, onların bütün ölkələrlə normal münasibət qurmasının yeganə yolu işğal etdikləri Azərbaycan torpaqlarını azad etməkdir. Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, özünü normal və sivil bir dövlət kimi apararsa, üzləşdiyi problemlərdən xilas olar. Əks halda, İrəvan hökuməti düşdüyü siyasi və iqtisadi dalandan çıxa bilməyəcək”.
İsmayıl