“Paşinyanın sülh göyərçini obrazına aldanmayaq!” - Rufiz Hafizoğlu

  • “Ermənistanda zəhərli ideologiya hələ də qalır” 

Ermənistanda parlament seçkilərindən sonra təhlükəsizlik bariyerini aşan hökumət yenidən sülh prosesinə fokuslanıb. Baş nazir Nikol Paşinyan ötən günki açıqlamasında Kərki kəndinin statusuna toxunub. O, həmin əraziyə ermənilərin işlətdiyi qondarma "Tiqranaşen" ifadəsi ilə deyil, onun əzəli Azərbaycan adı olan Kərki kimi müraciət edib.

Baş nazir real Ermənistan ərazisinin 29 743 kvadratkilometr olduğunu və Naxçıvanın Kərki kəndi daxil olmaqla digər Azərbaycan anklavlarının heç vaxt bu hesaba daxil edilmədiyini vurğulayıb. Hazırda Kərkidə ermənilərin yaşadığını qeyd edən Paşinyan oranın Ermənistana aid olmadığını etiraf edib. Qeyd edək ki, Bakı və İrəvan komissiyalarının delimitasiya işləri nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılıb. Hazırda Qazaxın 3, Naxçıvanın isə 1 kəndi Ermənistanın işğalı altındadır. Xüsusilə də Kərki kəndinin taleyi diqqət mərkəzindədir.

Mövzu ilə bağlı siyasi şərhçi Rufiz Hafizoğlu Sherg.az-a bildirib ki, Azərbaycanda Ermənistanın niyyəti və onların sülhə baxışı haqqında fərqli təsəvvürlər formalaşıb:

“Paşinyanın sülh prosesi, sərhədlərin delimitasiyası və Azərbaycanla münasibətlərin tənzimlənməsi istiqamətində müsbət fikir və açıqlamaları var. Amma onun bu bəyanatları bəzən cəmiyyətimizdə yanlış təsəvvür yaradır. Elə zənn edirlər ki, Paşinyan hər zaman "sülh göyərçini" obrazında çıxış edən siyasətçidir. Reallıq tamamilə başqadır. Məgər Şuşada yallı gedib, bizə acıq verən Paşinyan deyildimi? Məhz onun hakimiyyəti dövründə Ermənistanda revanşist atmosfer körükləndi, sərhəd təxribatları törədildi və Azərbaycan ərazilərinə qarşı hərbi addımlar atıldı”. 

Analitikin sözlərinə görə, Ermənistanda uzun illərdir uşaq bağçasından tutmuş ali məktəblərə qədər bütün təhsil sistemində, eləcə də media və cəmiyyət şüurunda azərbaycanofobiya və düşmənçilik ideologiyası aşılanıb:

“Ermənilərlə davamız 6 ildir ki bitib. Lakin onların psixologiyasına və yaddaşına hopdurulmuş zəhərli ideologiyanın 6 il ərzində silinib, yox olması qeyri-mümkündür. Sadəcə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə Ermənistanı reallıqları qəbul etməyə və bu cür ritorika ilə danışmağa vadar etdi. Bu, Paşinyanın könüllü seçimi deyil, birbaşa Azərbaycanın dəmir iradəsinin və qazandığı tarixi qələbənin nəticəsidir. Ermənistanda müəyyən radikal dairələrdə revanşist düşüncə hələ də qalsa da, atılan qətiyyətli addımlar sayəsində Paşinyan hökümətini daha obyektiv düşünməyə məcbur etmişik”. 

R.Hafizoğlu onu da qeyd edib ki, Paşinyanın anklavlar barədə səsləndirdiyi açıqlamalara da tam etibar edə bilmərik:

“Artıq Ermənistan və Azərbaycan arasında tamamilə fərqli geosiyasi atmosfer formalaşıb. Hər iki ölkənin Dövlət Komissiyası nümayəndələrinin ictimaiyyətə açıqlamadığı məqamlar var. Ermənistan Kərki məsələsində hər hansı şərt irəli sürə və ya bazarlıq edə bilməz. Qalib ölkə olaraq öz ərazilərimizi qeyd-şərtsiz tələb etmək haqqımızdır. Paşinyanın sülh" bəyanatlarına aldanıb, "necə olsa bu ərazini qaytaracaqlar" arxayınçılığına son qoymalıyıq. Əksinə, daha tələbkar və qətiyyətli mövqe sərgiləməliyik”.