Qadınların ən real müdafiəsi mühafizə orderinin tətbiqidir. Belədə, qadın da təhlükəsizliyinin təmin edildiyini biləcək, qarşı tərəf də bəlkə, düşünüb-daşınacaq
Belə zorakılıq olmaz...
Hamilə qadının döyülməsi, aşkar ağır işgəncədir
Qadınların ən real müdafiəsi mühafizə orderinin tətbiqidir. Belədə, qadın da təhlükəsizliyinin təmin edildiyini biləcək, qarşı tərəf də bəlkə, düşünüb-daşınacaq
Qadınların ən real müdafiəsi mühafizə orderinin tətbiqidir. Belədə, qadın da təhlükəsizliyinin təmin edildiyini biləcək, qarşı tərəf də bəlkə, düşünüb-daşınacaq
Paytaxtda daha bir müdhiş olay yaşanıb. 1995-ci il təvəllüdlü Kişvər Quliyevanı həyat yoldaşı döyüb. Gənc qadın hamilə imiş. Döyülmə nəticəsində isə qadının 6 həftəlik hamiləliyi pozulub. Bu hal Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən qeydə alınıb. Qadın isə həyat yoldaşından polisə şikayət edib.
Olaya münasibət bildirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında bildirdi ki, bundan sonra boşanma faktının olub-olmayacağı, qadının həyat yoldaşı ilə bir mənzildə yaşayıb-yaşamayacağı onun özündən asılıdır:
- Qadın boşanma üçün məhkəməyə müraciət də edə bilər, ərindən şikayətçi ola da bilər, olmaya da bilər. Amma bir halda ki, fiziki zora məruz qalmış qadın polisə müraciət edib, deməli, şikayətçidir. Bu halda, hüquq-mühafizə orqanları qadının təhlükəsizliyinin təminatı üçün lazımi tədbirləri görməlidirlər. Çünki çox vaxt biz məhz önləyici tədbirlər alınmadığından daha şiddətli döyülmə halları, təzyiq, hətta ölüm hallarının da baş verdiyinin şahidi oluruq.
M.Zeynalova qeyd etdi ki, qadının hamiləliyin pozulması dərəcəsində döyülməsi onun bundan əvvəl də zorakılığa məruz qaldığını deməyə əsas verir:
- Bu, sırf məişət zorakılığıdır. Və biz bu hadisəyə fiziki zorakılığın son mərhələsi kimi baxmalıyıq. Çünki ilk dəfə edilən zorakılıq bu formada qəddar olmur. Zorakılığın da mərhələləri var. Əvvəlcə, söyüş, ağır sözlər, dava-dalaş, sonra şillə, bədənə yüngül xəsarətlər, sonra da artıq zorakılığın ağır forması başlayır. Qadının hamilə olduğu halda, öz həyat yoldaşı tərəfindən bu cür qəddarcasına döyülməsi onu göstərir ki, əvvəllər də bu qadın zorakılığa məruz qalırmış. Zorakılıq artıq ağır formaya keçdikdə və ağır fəsad törətdikdə qadın polisə müraciət etmək məcburiyyətində qalıb. Qanuna görə, ilk növbədə tibb müəssisəsi hüquq-mühafizə orqanlarına müraciət etməli və hadisə barədə məlumatları çatdırmalıdır. Hüquq-mühafizə orqanları isə işi prokurorluğa verməlidir və istintaq davam etdirilməlidir. Ortada döyülmə - zorakılıq və bunun nəticəsi olaraq hamiləliyin pozulması faktı var. Hətta qadın şikayətçi olmasa belə, hüquq-mühafizə orqanlarının borcudur ki, fakt üzrə cinayət işi başlasınlar. Düşünürəm ki, bu faktın ortaya çıxmasına səbəb qadının xəstəxanaya aparılması olub. Bəlkə də, qadın həkimə müraciət etməsəydi, xəstəxanaya aparılmasaydı, bu hadisə ört-basdır ediləcəkdi. Qadının hamiləliliyin pozulması ilə nəticələnən döyülməsi, artıq aşkar işgəncə formasıdır. Hesab edirəm ki, K.Quliyeva heç nədən və heç kimdən çəkinməməlidir və səbəbkarın cəzalanmasına nail olmalıdır. Bu da məlumdur ki, adətən belə hallarda ailələr işə qarışır, tərəfləri barışdırmaq istəyirlər. Ancaq qadının məhz hamilə vəziyyətdə qəddarcasına döyülməsi çox mətləblərdən xəbər verir. Əvvəla, bu qadının həyatı artıq təhlükədədir. Həyat yoldaşını bətnində körpə olduğu halda, amansızlıqla döyən bir kişi, deməli, bundan sonra da istənilən hərəkəti etməyə qadirdir. Hüquq-mühafizə orqanları qadının təhlükəsizliyini təmin etməlidirlər. Çünki təhlükə realdır. Biz dəfələrlə bildirmişik ki, zorakılığa məruz qalan qadınların, istər evli olsunlar, istərsə də, vətəndaş nikahında yaşayanlar, fərq etməz, bütün hallarda zorakılıq varsa və bununla bağlı şikayət edilibsə, həmin insanlarla bağlı mühafizə orderi tətbiq edilməlidir. Zorakılıq tətbiq etmiş şəxsin qadına yaxınlaşmasına, mənzilə gəlməsinə bir müddət qadağa qoyulmalıdır.
Amma məlumdur ki, bizdə mühafizə ordeninin tətbiqi sahəsində müəyyən problemlər var. Halbuki bu mexanizmin genişləndirilməsi cəmiyyətdə zorakılıq hallarının qarşısının alınmasına müsbət təsir göstərə bilər. Əslində "Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əsasən mühafizə orderinin tətbiqi həyata keçirilməlidir. Yəni, zorakılıq törətmiş şəxs əvvəl 30 gün müddətində evdən uzaqlaşdırılmalı, təhlükədə olan şəxs sığınacaqda yerləşdirilməlidir. Amma hüquq-mühafizə orqanlarının ölkədəki sığınacaqlarla bağlı məlumatsızlığı hər hansı tədbirin görülməsinin qarşısını alır. Lakin çox zaman kiçik ərazilərdə baş verən hadisələrə hüquq-mühafizə orqanları müdaxilə etməkdən çəkinir. Beləliklə, hüquq-mühafizə orqanlarının yerli əhalidən olması və xüsusən də məlum stereotiplərə söykənərək müdaxilə etməməsi problemləri gündəmdə saxlayır. Çünki, əksər hallarda cəmiyyətin məişət zorakılığı qurbanlarına etinasız yanaşması milli adətlərlə də bağlı olur. Məsələn, el arasında belə fikir var ki, ərlə arvadın savaşı, yaz gününün yağışına bənzəyir. Onun sözlərinə görə, bu məsələlərə müdaxiləni ətlə dırnaq arasına girmək kimi qiymətləndirərək ağrı verəcəyini düşünənlər çoxluq təşkil edir. Bəzən isə "Ər arvadı döyər də, sevər də” deyirlər. Nəticədə qadınlar ömrü boyu zorakılığa məruz qalmaqdadır. Bədbəxt hadisələr də belə baş verir. Ona görə də, əgər məişət zorakılığı hallarının azalmasını istəyiriksə, hüquq-mühafizə orqanları ilk növbədə qanunun tələblərini yerinə yetirməlidir. Qadınların ən real müdafiəsi isə mühafizə orderinin tətbiqidir. Belədə, qadın da təhlükəsizliyinin təmin edildiyini biləcək, qarşı tərəf də bəlkə, düşünüb-daşınacaq, özünə sual
verəcək ki, "niyə evimdən ayrı düşmüşəm”. Mühafizə orderinin qabaqlayıcı, önləyici funksiyası olmaqla yanaşı, həm də tərbiyəvi əhəmiyyəti var.
Məlahət Rzayeva