Bəlkə də yaşayacaqdı...
“Səhiyyə sahəsində maddiyyat o qədər önə keçib ki, həkimlik andı, vicdan duyğusu yaddan çıxıb”
"Yeni Med” klinikasının qarşısında 50 yaşlı kişi dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün çağırış etsələr də, klinikada ona yardım etməyə həkim tapılmayıb.
Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Təcili tibbi yardım maşını hadisə yerinə gəlmədiyi üçün vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Ancaq yaşlı kişi yolda keçinib.
Klinika əməkdaşı açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib: "Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura poliklinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz - tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi atmırdı”.
Hadisəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Əhalinin əksəriyyəti klinika işçilərinin ölən şəxsə qarşı məsuliyyətsizlik etdiyini bildirir. Bəzən cəmiyyətdə bu kimi xoşagəlməz hallar yaşanır. Maraqlıdır, insanlardakı bu etinasızlığın, biganəliyin səbəbi nədir?
Baş verən hadisə ilə bağlı "Şərq”ə danışan Diaqnoz Tibb Mərkəzinin həkim-allerqoloqu Şahvələd Məmmədov da klinika işçilərinin kobud səhvə yol verdiyini, məsuliyyətsizlik etdiyini düşünür:
"Bakı şəhərində 300-ə yaxın özəl tibb mərkəzi var. Səhiyyə Nazirliyinin qərarına əsasən əgər təcili və təxirəsalınmaz yardım üçün klinikaya müraciət olunarsa, bu zaman ilk yardım pulsuzdur. 50 yaşlı kişi klinikanın qarşısında ölümcül hala düşüb və o boyda klinikada bir nəfər olsun tibb personalı yoxdur? Bu, ciddi məsuliyyətsizlikdir və biabırçı haldır. Çalışdığım klinikanın ətrafında o qədər belə hallar olur ki, məsələn, xəstəni gec çatdırırlar. Bizim həmişə növbətçi həkimlərimiz olur, onlar dərhal ilk yardım çantası ilə özlərini xəstənin yanına çatdırırlar. Düşünürəm ki, baş verən hadisədə klinika əməkdaşlarının və ya müdriyyətin məsuliyyətsizliyi, səhlənkarlığı olub. Bəlkə həmin şəxs onsuz da dünyasını dəyişəcəkdi, amma həkimlərin, tibb işçilərinin xəstəyə köməklik göstərməməsi olduqca pis haldır. Klinikadakı tibb işçilərinin xəstəyə yaxın gəlməməsi və insan ölümünə göz yumulması çox biabırçı haldır. Yəqin ki, Səhiyyə Nazirliyi sözügedən klinika barədə tədbir görəcək”.
Ş.Məmmədov klinika əməkdaşının söylədiyi fikirlərə də münasibət bildirdi:
"Poliklinikanın geniş təchizatlı xəstəxana olmamasının məsələyə nə dəxli var? Videogörüntüdən də görünür ki, xəstəyə yaxın gələn yoxdur. Hətta təcili tibbi yardım lazım olduqda küçənin ortasında xəstəyə yardım edir. O nə deməkdir ki, "biz poliklinikayıq?”. Hər bir klinikada ilkın yardım çantası və otağı olmalıdır. Klinika işçilərinin söylədiklərinə haqq qazandırmaq olmaz. Siz özəl klinikasız, cərrahiyə əməliyyatlarını yerinə yetirirsiz, amma necə olur ki, xəstəyə ilkin yardım göstərmirsiz? Hətta minik avtomobillərində belə ilkin yardım çantası yerləşdirilir, o boyda klinikada niyə ilk yardım üçün ləvazimatlar yoxdur?.
Hadisə zamanı xəstəyə ilk yardım olmalı və lazım gələrsə, 103 xidmətinə zəng edilməliydi. Özəl klinikada çalışan bir həkim kimi hər dəqiqə belə hadisələrlə rastlaşıram. Bizim xüsusi çantamız var və hər gün bir həkim növbətçi olaraq klinikada qalır. Səhiyyə Nazirliyinin qərarına əsasən böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, lisenziyalı özəl klinikanın nəzdində ilk yardım kabinəsi olmalıdır. Həmçinin bütün özəl klinikalarda xəstələrə ilk yardım pulsuzdur”.
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, belə bir vəziyyətin yaranması sadəcə poliklinikanın problemi deyil. Necə ki, böyük xəstəliyin əlaməti bədəndə müxtəlif yerlərdə olur, bu hadisə də cəmiyyətdə mənəvi problemlərlə bağlı olan vəziyyətin simptomlarıdır: "Baş verənlər xoşagəlməz bir haldır və düşünürəm ki, KİV-lər bu istiqamətdə nə qədər dərin işlər aparsa, bir o qədər yaxşıdır. 20-30 il əvvəl Azərbaycanda belə hallarla qarşılaşmaq mümkün deyildi. Əvvəl belə hadisə yaşansaydı, hökmən həmin poliklinikada kim varsa, çıxıb əlindən gələn köməkliyi edərdi. Təbii ki, ilkin yardım barədə təsəvvürü olmayan şəxslərin xəstəyə müdaxiləsi ölümü sürətləndirə bilər. Bir də var ki, tibbi təhsil alan, ilkin yardım barədə məlumatlı olanlar var.
Hadisənin bu nöqtəyə gəlməsinin bir səbəbi də ola bilər - poliklinikadakılar çox savadsız və saxta diplom almış şəxslərdir. Əgər savadsızdılarsa, onda belə bir poliklinikanın fəaliyyət göstərməsinin özü yanlışdır. İndiki vaxta bu cür müəssisələrin çoxu insanlara kömək üçün yox, bir vasitə tapıb onları "soymaq” üçün açılır.
Amma daha da qorxulusu odur ki, bu məsələ mənəvi xarakter daşıyır, insanlarda etinasızlıq var. Bu etinasızlıq əvvəllər cəmiyyətimizdə yox idi. Həkimlik etikası ilə bağlı bir çox sənədlər var. Həkimlər kritik durumlarda kömək eləməyə mənəvi olaraq borcludur. Bunlar olmursa, deməli, cəmiyyətdə xoşagəlməz proseslər gedir. Ölkədə daha çox mənəvi dəyərlərin əhali arasında formalaşmasına diqqət yetirməliyik. Maddi dəyərlərin mənəvi dəyərləri üstələməsinin qarşısı alınmalıdır. Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər arxa plana keçir, orda günü-gündən xoşagəlməz hadisələr baş verir və gərginlik artır. Mənəvi dəyərləri önə keçən cəmiyyət özünü ahəngdar olaraq tənzimləyir. Ona görə də bu hadisə xoşagəlməz bir simptomdur və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlunun sözlərinə görə, səhiyyə sahəsində maddiyyat o qədər önə keçib ki, həkimlik andı, vicdan duyğusu yaddan çıxıb: "Mənəvi dəyərlərin aşağılanması, arxa plana keçməsi bütün sahələrdə hiss olunur. Həkimi kənara qoyuram, adi vətəndaşlar belə vəziyyətdə həmin şəxsə yardım etməli idilər. Amma bəzi hallarda heç kim yaxınlaşıb, narahatlıq keçirən şəxsə yardım etmir. Cəmiyyətimizdə mənəvi deqradasiya var. Bütün bu cür hadisələr də məhz yaranmış situasiyanın nəticəsidir.
Əslində, bu hadisədə cinayət tərkibi var. Küçədə ürəyi tutan şəxsə yaxınlıqda olan həkim qəsdən yardım etməyibsə, bu, cinayətdir, bir nəfərin ölümə tərk edilməsinə bərabərdir. Tutaq ki, həmin şəxs heç Azərbaycan vətəndaşı deyil, əcnəbidir. Yıxılıb, ölməlidirmi? Dünyanın heç bir ölkəsində təcili hallarda həkimlər vəzifə borcunu yerinə yetirməkdən boyun qaçırmırlar”.
Yeganə Bayramova