“Bəlkə Həmid Herisçi kitabları evə aparmaq istəyib...”

Axundov kitabxanasının direktoru danışdı
ANS telekanalında yayımlanan "Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçi ötən gün M.F.Axundzadə adına Milli Kitabxanadan qovulub. Növbəti verilişinə lazım olan materiallarla əlaqədar kitabxanaya gedən H.Herisçi orada kitabxananın əməkdaşı tərəfindən təhqir olunub.
Bu barədə Herisçi öz "facebook” səhifəsində yazıb. O, müəllifi olduğu "Şəxsiyyət vəsiqəsi” verilişi ilə bağlı araşdırma aparmaq üçün kitabxanaya getdiyini, ancaq ona kitab verilmədiyini iddia edib: "Dünən getmişdim Axundov adına kitabxanaya... Heç, elə-belə, verilişimlə əlaqədar bir-iki kitab lazımdı mənə... Kitabxana işçilərindən biri lazımi kitabları elə təzəcə mənə ayırmışdı ki, qəfil beyni çöndü... Dedim, noldu axı sənə? Cavabında "Direktorumuz deyir ki, sənə kitab verməyim... Deyir ki, yaxşı adam deyilsən... Televizorda klassiklərimizi təhqir edirsən...” sözlərini eşitdim... Ağzım qurudu... Qaldım mat-məəttəl. Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər açarlar... Kitab verməzlər mənə... Nədir bu? Rəhmətlik atam bu təkliyə-tənhalığa "təbrizli taleyi” adını vermişdi... İndi bu taleyi mən yaşayıram...”.
Artıq bir neçə dəfədir kitabxana rəhbərliyi tərəfindən bu cür münasibətlə qarşılaşdığını deyən Həmid Herisçinin sözlərinə görə, son olay artıq səbr kasasını daşırıb: "Kitabxanadan qovulmağım birinci hal deyil. Mən heç kəsi təhqir etməmişəm. Görünür, kitabxananın direktoru bizim verilişlərə baxmayıb. O baxsaydı, mənə qarşı belə fikir irəli sürməzdi. Verilişə baxmırlar, məni də yandıran budur. Sən demə, diskussiya böyük bir cinayətdir. Heç kəsdən qorxmuram, bundan sonra da həmin kitabxanaya gedəcəm. Mənim üçün ən böyük təhqir kitabxanadan qovulmaqdır. Məni bir neçə dəfə kitabxanadan qovublar, amma axırıncısına dözmədim. Bu, mənim üçün ən böyük cəzadır. Yazıçıya bundan böyük zərbə olmaz”.
H.Herisçi ona qarşı yad münasibətin olduğundan da gileylənib: "Mənim atam da siyasi mühacir idi. Həmişə belə hadisələrlə rastlaşırdı. Görünür, bizdə hələ Bütöv Azərbaycan anlayışı oturuşmayıb. Həmişə soyadıma nifrət ediblər. Mən ömrüm boyu Arazın bu tayında özümə qarşı yad münasibət hiss etmişəm”.
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov yazıçı Həmid Herisçinin kitabxanadan qovulması ilə bağlı iddiaya cavabında deyib ki, onlar kitabxanaya gələnlər arasında ayrıseçkilik etmir: "Bura müxalifətçi də, iqtidar nümayəndəsi də gəlir. Onların heç birinə kitab verməmək ixtiyarımız yoxdur. Bizim kitabxanamızda kimliyindən asılı olmayaraq, hər kəsə kitab verilir. Bizim işimiz oxuculara xidmət göstərməkdir. Gələnlərin kimliyi ilə maraqlanmırıq. Ola bilsin ki, nəsə anlaşılmazlıq olub. Milli Kitabxanada evə aparmaq üçün kitab verilmir. Ancaq kitabxanada oxumaq istəyən hər kəsə xidmət edirik. Bəlkə, Həmid Herisçi kitabları evə aparmaq istədiyi üçün ona kitab verilməyə bilər. Başqa cür bu, mümkün deyil”.
Şəymən