Problemli kreditlərin 6,5 faizə çatması ciddi böhrandır
Son günlər problemli kreditlərin həcmi artıb. 1 mart 2016-cı il tarixinə banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 329,5 milyon manata qalxıb. Məlumata görə, bu məbləğ fevral ayının əvvəli ilə müqayisədə 14,9 milyon manat çoxdur. Vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2 faizdən 6,5 faizə yüksəlib.
İqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq”ə söyləyib ki, dünya təcrübəsində problemli kreditlərin həcmi 3 faizi keçirsə, bu, ciddi böhran sayılır və çözüm yollarının tapılması üçün hökumət qurumları banklarla birgə yol xəritəsi hazırlamağa başlayır: "Bizdə isə problemli kredit təhükəli həddin iki qatından da çoxdur. 6, 5 faizə çatıb. Problemli kreditlər 6, 5 faizə çatıb. Bu, Mərkəzi Banka (MB) bank sektoru və hökumətə ciddi siqnaldır. Artıq bəlli yol xəritəsini hazırlamaq lazımdır”. Problemli kreditlərin yaranma səbəblərinə diqqət çəkən ekspert bunu bir neçə amillə izah edib: "Əsas səbəblərdən biri kreditlərin yüksək faizlərlə verilməsidir. Azərbaycanda uzun illərdir bu problem həllini tapmır. MB-nin uçot dərəcəsi aşağıdır. Buna baxmayaraq istehlak və kommersiya kreditləri əhaliyə kifayət qədər yüksək faizlərlə verilir. Əsas problemlərdən biri budur. İkincisi, devalvasiya ilə bağlıdır. Dollarla verilmiş kreditlərin həcmi kifayət qədər yüksək idi. Az qala 60 faizə çatırdı. Bu iki devalvasiyadan sonra kreditlər bahalaşdı. Yeni məzənnə ilə ödəniş etməyə əhalinin imkanı çatmır. Üçüncü səbəb isə ölkədə iş yerləri ilə bağlıdır. Əhalinin gəlirləri azalıb. Hökumətin özü də bu istiqamətdə proqramların işlənməsinə dair bəyanatlar verir. Ümid edək ki, yaxın zamanlarda ciddi layihələr həyata keçiləcək. Təbiidir, əhalinin gəlirləri azalırsa, kreditlərin verilmə imkanları da məhdudlaşır. Sadaladığım 3 əsas məsələ geri qaytarılması mümkünsüz olan kreditlərin həcminin artmasına gətirib çıxarıb”. Ekspert onu da əlavə edib ki, MB və banklar hökumətlə birgə təcili olaraq komissiya yaratmalıdır: "Ən azından işçi qrupu formalaşdırılmalıdı. Bir neçə təklif müzakirəyə çıxarılmalıdır. Əsasən dollarla olan kreditlərin manata çevrilməsi və faiz dərəcələrinin aşağı salınması yönündə müəyyən addımlar atılmalıdır. Dollarla olan kreditlərdən imtina olunmalıdır. Bu mənada ki, dollarla götürülən kreditlər normal məzənnə manat kreditlərinə çevrilməlidir. İstehlak kreditlərinin faiz dərəcələri aşağı salınmalıdır. Kreditin müddəti uzadılmalıdır. Məsələn, hansısa bir müştəri iki illik kredit götürübsə, bunu qaytarmaqda çətinlik çəkirsə, onun aylıq ödənişini azaldaraq müddətini uzatmaq olar. Ən azından 3-4 ilə qaldırmaq mümkündür. Ödənişin müddəti uzansa, aylıq ödənişlərin həcmi azalar. Bir neçə istiqamətdə işlərin görülməsinə ehtiyac var. Düşünürəm ki, qeyd etdiyim işlərin görülməsi problemli kreditlərin azalmasında müəyyən dərəcədə pozitiv rol oynaya bilər. Heç bir iş bir görülməsə, proqnozlar deməsə əsas verir ki, problemli kreditlərin həcmi artacaq və bu da ümumən bank sektoru üçün böyük bir təhdid yaradacaq”.
Ayyət Əhməd