“Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər”

Nazir: “Biz insanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər”


Dünən Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov "Azərbaycanın ekoloji siyasəti” mövzusunda gənclərlə görüş keçirib. Mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirdə H. Bağırov Azərbaycanın ekoloji problemlərindən, yeni layihələrdən, ətraf mühitin təmizlənməsi planlarından, yaşıllaşdırma siyasətindən və bir çox digər vacib məsələrdən danışıb. Nazirin sözlərinə görə təbiətin qorunması, yaşadığımız mühitin gigiyenik cəhətdən mühafizəsi üçün dövlətlə bərabər insanların da təşəbbüsü vacib amillərdəndir: "Bizim hər sahədə olduğu kimi təbiəti qorumaq problemimizdə də insan amili ön plandadır. İstənilən halda insanlar bilərəkdən ətraf mühitin çirkləndirilməsinə, yaşadıqları ərazilərin zibillənməsinə yol verməməlidir. Adi bir misal göstərmək olar ki, bəzi şəxslər ilin müxtəlif fəsillərində eko-tur adı altında turlar təşkil edirlər. Onlar insanlardan 20-25 manat yığıb rayonlara aparırlar. Bu zaman sayı 100 nəfərə yaxın insan dəstəsinin təbiətə vurduğu ziyan daha çox olur. Həmin şəxslər bir səyahətdən 2-3 min manat pul qazanırlar. Amma meşələrin təmizliyinə əməl etmirlər. Bu şəxslər anlamalıdır ki, meşə zibillənirsə, bu, artıq eko-tur deyil. Meşələri zibilləmək, məhv etmək olmaz. Bu, həm də mədəniyyət, tərbiyə məsələsidir. Təbiətə qarşı hər hansı xoşagəlməz hal mütləq qınanmalıdır. Nazirlik də bununla bağlı işlər görür, lakin əsas vəzifə cəmiyyətin üzərinə düşür”.

Yaşıllaşdırma sahəsində görülən irimiqyaslı işlərdən və gələcək planlardan söhbət açar H. Bağırov deyib ki, Azərbaycan Milli Parklarını Gürcüstandakılar ilə müqayisə etmək düzgün deyil: "Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parklar var idi, yəni onların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır. Biz milli düşüncəyə görə bunu edə bilmirik. Biz insanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər. Amma Gürcüstanda bunu edirlər. Bizə deyirlər ki, niyə Gürcüstanda Milli Parklara 2 milyon turist gedir, Azərbayanda 2 min. Bunu da unutmayaq ki, Gürcüstana gedən 2 milyonun 450 mini Borjomiyə müalicəyə gedən azərbaycanlılardır. Biz Göygöl qoruğunu açdıq, 40 gün ərzində 70 mindən çox adam gəldi. Yəni bizdə Milli Parklara heç də 2 min adam getmir. Amma ora gedən adamlar bizi və qoruğu nə günə qoyduqlarını gördünüz. Deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir. Göygöldə kabab bişirmək üçün xüsusi yerlər də ayırdıq. Lakin çirklənmə fəsadların qarşısını yetərincə almaq üçün bunlar kifayət etmir. İnsanlarımız istirahət parklarında təmizliyə əməl olunmasının vacib olduğunu bilməlidir”.

Tədbirin gedişində çirkli və içməli su problemindən də danışan nazir suyun təmizlənməsi üçün müxtəlif ərazilərdə quraşdırılan təmizləyici qurğuların əhəmiyyətini qeyd edib: "Ölkəmizdə elə yerlər var idi ki, kiçik çirkab mənbələri dənizə axıdılırdı. Biz bunun qarşısını almaq üçün Abşeron yarımadasının şimal hissəsində 17 stansiya qurduq. Bununla bütün xırda tullantılarla zəngin olan çirkli su təmizləndi, bundan sonra dənizə axıdıldı. İçməli su problemini həll etmək üçün də layihələrimiz oldu. Bəzi ərazilərdə, kəndlərdə sakinlərin içməli su kimi istifadə etdiyi sularda yüksək dərəcədə çirklilik və mikrob olduğu müəyyənləşdirildi. Prezidentin dəstəyi ilə bizim həyata keçirdiyimiz layihə sayəsində 400-dən çox kənd 650 minə qədər insan daha gigiyenik içməli sudan istifadə edir. Biz gələcəkdə bu layihəni daha da genişləndirməyi düşünürük”.

Bütün bunlarla yanaşı digər məsələləri də diqqətə çatdıran Hüseynqulu Bağırov tədbirin sonunda iştirakçıların suallarını cavablandırıb.

Aysel Aslan