"Bəzən ər təhsil haqqını ödəmir, xanımı isə təhsilini dayandırır"





Ölkəmizdə hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir. Bu barədə millət vəkili Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar. Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır: 

"Qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Azərbaycan Prezidenti İlham Əliyevin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yeni təkliflə bağlı fikirlərini "Şərq”lə bölüşüb. Birlik sədrinin sözlərinə görə, hamilə və 2 yaşadək uşağı olan anaların təhsil ala bilməsi, onların gələcəyinin təmin edilməsində olduqca mütərəqqi haldır: 

"Bu təklif qadınların stimullaşdırılması, onların ana olduqdan sonra həyatın tamamilə bitməsi yox, əksinə, ana ola-ola da təhsil ala bilməsinə zəmin yaradacaq. Bəzi hallarda elə olur ki, təhsil haqqı ər tərəfindən ödənilmir və ona görə də təhsildən yayınma halları baş verir. Bu, çox geniş düşünülmüş praktik bir təklifdir. Hesab edirəm ki, belə təklifləri dəstəkləmək lazımdır və bir az da təbliğ etmək lazımdır ki, insanlar bundan xəbərdar olsun”.

Yeganə Bayramova